Əliyevin çıxışına Nikolun 3 ildən sonra reaksiyası…
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasına düzəlişlər olunması ilə bağlı fikirləri əsassızdır.
Bunu açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında qonşu dövlətlərin ərazisinə iddia irəli sürülməsi ilə bağlı heç bir maddə yoxdur:
“Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddasını ehtiva edən maddələr var. Burada təkcə Azərbaycana qarşı yox, Türkiyə və Gürcüstana qarşı da ərazi iddiası ilə bağlı bəndlər yer alıb. Ermənistan Konstitusiyası İstiqlaliyyət Bəyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü bəyan edir. Bəyannamə isə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi qardaş Türkiyə Respublikasının şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır. Bundan başqa, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ehtiva edən cümlələr yer alır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ildə Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı mifik ərazi iddialarının olması ilə bağlı çıxışından 3 il sonra Nikol Paşinyan bəyan etdi ki, geosiyasi rəqabət gücünü artırmaq üçün ölkənin Konstitusiyası tam dəyişməlidir.