Geri çəkilirlər – Azərbaycana qarşı siyasət korrektə edilir
Zaman keçdikcə bir sıra ölkə və mərkəzin erməni separatizminə görə anti-Azərbaycan mövqeyindən çıxış etməyə bəhanəsi qalmayacaq.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bir müddət sonra Azərbaycana kənar təzyiqlərin zəifləyəcəyini proqnozlaşdırır:
“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və ya Qarabağ üzərində suverenliyinin bərpası bir qisim ölkənin siyasi dairəsində aşkar narazılıq yaradıb, bizə qarşı müxtəlif təzyiq alətləri işə düşüb. Ancaq zaman keçdikcə bu təzyiqlər azalacaq və müxtəlif mərkəzlər Qarabağ mövzusunu unudacaq, bizə qarşı “ermənilər geri qaytarılmalıdırlar” kimi mənasını itirən tələb irəli sürməyəcəklər. Məsələn, İkinci Qarabağ Müharibəsində Kanada hökuməti Türkiyəyə silah embarqosu qoymuşdu. Məqsəd Türkiyəni PUA-lar üçün Kanada istehsalı komponentlərdən məhrum etmək idi. Düşünürdülər ki, guya Türkiyə bu vəziyyətdə Azərbaycana dron göndərə bilməyəcək. İtirən Kanada oldu. Çünki “Bayraktar” şirkəti pilotsuz uçan aparatları üçün həmin komponentləri özü istehsal etdi.
Kanada hökuməti İkinci Qarabağ Müharibəsindən 3.2 il sonra Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib. Əlbəttə, bunun səbəblərindən biri Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyünə dair protokolu ratifikasiya etməsidir. Kanada şirkətləri hökumətin məntiqsiz embarqo qərarına görə, 250-300 milyon dollar ziyana düşüblər.
Embarqonun ləğvinin digər səbəbi isə odur ki, Qarabağ mövzusu artıq Kanada üçün aktual deyil və bu ölkə erməni separatizminə görə Türkiyə ilə münasibətləri gərgin saxlamaq istəmir. Bir müddət sonra Kanada Azərbaycana qarşı siyasətini də korrektə edəcək. Ümumiyyətlə, zaman keçdikcə bir sıra ölkə və mərkəzin erməni separatizminə görə anti-Azərbaycan mövqeyindən çıxış etməyə bəhanəsi qalmayacaq”.