Keçmiş sovet ölkəsinə hücum mesajı – Hədəfləri türk bölgəsidir
Rusiya rəsmiləri və təbliğatçıları Moldovada sabitliyin pozulması üçün informasiya şəraiti yaradırlar. Kreml bu yolla keçmiş sovet ölkəsinin Avropa Birliyinə inteqrasiyasının qarşısını almaq istəyir.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Aleksey Polişçuk TASS-a müsahibəsində Moldovanın dağıdılmağa başladığını bildirib. Onun sözlərinə görə, MDB-dən çıxmaq qərarı nə Moldovanın maraqlarına, nə də vətəndaşlarına xeyir verəcək, əksinə, ölkə iqtisadiyyatı üçün zərərli olacaq.
Polişçuk həmçinin Dnestryanı münaqişəni “dərin böhran” adlandırıb və qeyd edib ki, Rusiya vasitəçi və təminatçı kimi Moldova və Dnestryanı arasında pisləşən münasibətləri düzəltməyə hazırdır.
Moldova baş nazirinin müavini Oleq Serebryan da bəyan edib ki, Rusiya-Ukrayna münasibətləri yaxşılaşmayana qədər Kişinyov Moskvanın iştirak etdiyi Dnestryanı üzrə dialoqa qayıtmayacaq.
Kremlə bağlı mənbələr Moldovanın bəzi bölgələrində narazılığın artdığını iddia edirlər. Yanvarın 24-də Dnestryanıda 50 minə yaxın insan Kişinyovun bölgəyə iqtisadi təzyiqlərinə etiraz olaraq mitinq keçirib.
Rus mənbələrinin iddiasına görə, Qaqauziya Aqro-Sənaye Kompleksinin Baş İdarəsinin rəisi Sergey İbrişim bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrova Moskvanın Qaqauziyaya humanitar yardım kimi gübrə göndərilməsi ilə bağlı sorğu göndərib. İbrişim həmçinin Moldovanın 2023-cü ilin iyulunda MDB Parlament Assambleyasından çıxmaq qərarından sonra Qaqauziyanın kənd təsərrüfatı məhsullarını Rusiyaya sata bilməyəcəyini deyib və Lavrovdan Rusiyanın Qaqauziyadan idxala tətbiq edilən aksiz vergilər və rüsumları ləğv etməyi xahiş edib.
Amerikalı ekspertlər hesab edirlər ki, baş verənlər Moldovanı MDB və Rusiyanın daha geniş təsir dairəsini tərk etməkdən çəkindirmək, Moldovada iqtisadi narazılığın yaranması üçün informasiya şəraiti yaratmaq, Rusiyanı təhlükəsizliyin təminatçısı kimi göstərmək məqsədi daşıyır.
ISW-nin fikrincə, Kreml “xaricdəki həmvətənlər” və ya “Rus dünyası”nı qorumaq adı altında gələcəkdə Rusiyanın Moldovaya təcavüzünə haqq qazandırmaq üçün informasiya şəraiti yaradır. ABŞ institutu Moldovanın Qaqauziya bölgəsində Rusiyaya artan meyli də bununla əlaqələndirir.