İranla bağlı qərar verildi – “Cəzalandıracağıq”
ABŞ İordaniyadkı hərbi bazasına hücumu cavabsız qoymayacaq.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Vaşinqtonda baş verənlərlə əlaqədar İrana qarşı bir sıra cavab tədbirlərinin nəzərdən keçirildiyini bildirib:
“İran müxtəlif ölkələrdə özünə bağlı qrupları həm maliyyələşdirir və silahlandırır, həm də əmrlər verir. Bu, təbiidir, pulu verən musiqini də sifariş verir. Buna baxmayaraq, İrandan pul və silah alan qrupların bir sıra hallarda Tehranı xəbərdar etmədən müstəqil qərarlar vermələri də mümkündürmü? Məsələn, ABŞ-nin İordaniyadakı hərbi bazasına hücum olub, amerikalı hərbçilər arasında ölənlər var. Vaşinqton buna seyirçi qalmayacaq.
ABŞ Prezidenti Co Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. İranda bu yaxınlarda güclü partlayış nəticəsində xeyli ölən oldu. İran buna cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi. Bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı.
Tehranın bu durumda nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ ilə əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilmirlər. Ancaq İranda qərar verən həmin mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmız dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, eləcə də qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar. Bu baxımdan, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır”.