Məmurun villasını tikib, kasıbın daxmasını yıxan “qanun”… – Təsdiqlənməyib, amma vətəndaşdan tələb olunur…

 

Bakıda dəyəri iyirmi min manatdan yuxarı olan daşınmaz əmlakların alqı-satqısı zamanı vətəndaşlardan gəlir deklorasiyası tələb olunur. Notariuslar yanvarın ilk günlərindən etibarən daşınmaz əmlak əldə etmək istəyən şəxslərdən pulun mənbəyinin göstərilməsi haqqında rəsmi sənəd tələb edirlər. Bu da vətəndaşların narazılığına səbəb olur. Onlar bildirir ki, əmlak almaq istədikləri zaman süründürməçiliklə üzləşirlər.
Belə bir qanunun tətbiqinə ehtiyac var idimi? Var idisə, bunun əmlak bazarına təsiri gələcəkdə özünü necə göstərəcək? Zatən Bakıda qiyməti 20 min manat və ya aşağı olan ev tapmaq demək olar ki, qeyri-mümkündür. Tutaq ki, vətəndaş illər boyu yeməyib, içməyib, dişi-dırnağı ilə pul yığıb, özünə bir ev alıb. Özü ya pensiya yaşına çatıb, ya da işsizdir. Bu vətəndaşın aqibəti necə olacaq? Kim zəmanət verir ki, deklorasiya tələbi zamanı vətəndaşla məmur arasında hansısa korrupsiya əməli baş tutmayacaq? Burada mexanizm necə çalışır? Kimlərinsə vətəndaşın gəlirinə müdaxilə etmək, onu ciddi səbəblər olmadan yoxlamaq, bu haqda sənəd, arayış tələb etmək vətəndaş hüququnun pozulmasıdır, insanların şəxsi işinə qarışmaqdır. Bu vəziyyətin dövlətə və vətəndaşlara təsiri necə olacaq? Buradan kim zərərli, kim qazanclı çıxır?

“Ümumiyyətlə, bu məsələ ilə bağlı narahat olmağa dəyməz. Yəni notariat orqanlarında hər hansı gəlir deklorasiyası və bu tipli sənəd tələb olunmur. Sadəcə bu vəsaitin mənbəyi ilə bağlı məlumatlandırma xarakterli informasiya istənilir. Banklara əmanət yerləşdirilən zaman bank işçiləri həmin əmanətin mənbəsini soruşurlar ki, bu vəsait haradan əldə olunub. Bununla əlaqədar bir daha qeyd etmək istəyirəm ki, hər hansı bir sənəd tələb olunmur. Şifahi və yazılı formada müəyyən məlumat istənilir. Bununla əlaqədar vətəndaşlar narahat olmamalıdırlar.
Məlum olduğu kimi, Azərbaycan çirkli pulların yuyulmasına qarşı konvensiyaya qoşulub. Onunla əlaqədar müvafiq dövlət qurumları hər bir şəxsin gəliri haqda araşdırma aparmağa məcburdur. Vətəndaşdan da dəyəri 20 min manatdan yuxarı olan məbləğ barədə soruşulur ki, o, bu məbləği necə əldə edib. Təbii ki, bu, əməkhaqqı da ola bilər, hansısa sahibkarlıq fəaliyyətindən qazanılan gəlir də ola bilər, kimdənsə ianə vəsaiti də ola bilər və sair. Yəni bu məsələ sırf məlumatlandırma xarakteri daşıyır. Notariat orqanlarında vəsait yerləşdirilən zaman bununla bağlı həmin orqanın əməkdaşlıq etdiyi banklar tərəfindən məlumatlandırma xarakteri olan müvafiq təlimat doldurulur və aidiyyəti üzrə təqdim edilir. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı hər hansı bir sənəd tələb edilmir” – deyə, əmlak eksperti qeyd edib.
Hüquqşünas Əkrəm Həsənov xəbər portalımıza açıqlamasında bildirib ki, bu qanun 19 ildir mövcud olsa da, bəzi məmurlara sərf etmədiyinə görə, onu təsdiqləmirlər.
“Bu məsələ qanunda çoxdandır ki, mövcuddur. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qanunvericiliyi çərçivəsində 20 min manatdan yuxarı olan əqdləri müəyyən subyektlər soruşmalıdır. Banklar, yaxud notariusda nəyi qeydiyyata salırsansa, onlar bu haqda soruşmalıdırlar. Bu qanun da çoxdan var, sadəcə Azərbaycanda tətbiq olunmur. Çünki bizdə çirkli pulların yuyulmasına qarşı real mübarizə getmir, yalnız beynəlxalq təşkilatların gözündən pərdə asmaq üçün bundan istifadə olunur. O təşkilatlar da bunu tələb edirlər ki, “niyə etmirsiniz?”. İndi yenə tələb etməyə başlayıblar. Ancaq bu, işlək mexanizm deyil. “Niyə”si də odur ki, həmin o vətəndaş istənilən səbəbi gətirə bilər ki, babasından və ya nənəsindən qalıb, yaxud “yoldaşımın bibi oğlunun əmi nəvəsindən keçib” və sair. Sonra? Təbii ki, bank bunu heç cür yoxlaya bilməz və həmçinin, sizdən sənəd də tələb edə bilməz. Bəzi məmurların özləri belə şərait yaradıblar ki, bu da reallıqda işləmir. Bəs bu qanun xarici ölkələrdə necə işləyir? Xarici ölkədə sən gedib deyə bilmərsən ki, “babamdan, yaxud nənəmdən qalıb”. Çünki orada gəlir bəyannamələri var. Yəni şəxslər öz gəlirlərini vaxtaşırı bəyan etməlidirlər – nələri var, nələri yoxdur. Sabah da anlaşılır ki, sən bunu cinayət yolu ilə əldə etməmisən. Bizdə bu mexanizm yoxdur, axı. Əgər belə bir bəyannamə tələb olunacaqsa, gərək ilk növbədə məmurlara tətbiq olunsun. O da yoxdur, çünki bu, məmurlara sərf eləmir. 2005-ci ildən məmurların gəlir bəyannaməsi haqda qanunvericiliyimizdə maddə var. Amma həmin bəyannamənin formasını Nazirlər Kabineti 19 ildir ki, təsdiq etmir. Yenə deyirəm, çünki bu qanunu istəmirlər. Özləri bəyan etmək istəmirlər ki, nələri var, nələri yoxdur. Ona görə də vətəndaşlar nədənsə çəkinməsinlər, istənilən səbəbi gətirə bilərlər və kimsə onlardan sənəd tələb edə bilməz. Buna ixtiyarları yoxdur” – deyə, hüquqşünas qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password