Anti-Azərbaycan müzakirəsi: AKP-MHP bizi dəstəklədi, HDP-CHP isə…
Azərbaycan AŞPA-dan nə qovulub, nə də çıxıb. Azərbaycan indi də Avropa Şurası və AŞPA-nın üzvüdür, sadəcə fəaliyyəti dayandırılıb.
Bunu iqtisadçı Natiq Cəfərli deyib.
“Avropa Birliyi və Avropa Şurası fərqli qurumlardır, birincisi dövlətlərin birliyidir, qurumda 28 dövlət təmsil olunur. Qərarlar konsensusla qəbul olunur, yəni AB qurum olaraq qərar alması üçün bütün üzv dövlətlər həmin qərarın lehinə səs verməlidir. İstənilən ölkə istənilən qərara veto qoya bilər, Azərbaycanlı sıx iqtisadi əməkdaşlığı olan Avropa ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar.
AŞPA və Avropa Şurası ilə münasibətlərin gərginləşməsi Azərbaycan vətəndaşlarının Avropaya viza almalarına təsir etməyəcək. Bunun onunla heç bir əlaqəsi yoxdur. Rusiya və Belarus Avropa Şurasından qovulub, hər birinə qarşı yüzlərlə sanksiya var, amma bu gün də hər iki ölkə vətəndaşları viza ala bilirlər”, – ekspert bildirib.
Natiq Cəfərli xatırladıb ki, Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsinə cəmi 90 deputat qatılıb, 76-sı qərarın lehinə, 10-u əleyhinə səs verib, 4-ü də bitərəf qalıb:
“Yəni bir çox ölkələrin deputatları bu səsvermədə iştirak etməyiblər, münasibətləri pozmaq istəməyiblər. Azərbaycanın lehinə səs verən 10 nəfərin 9-u qardaş Türkiyəni təmsil edən AKP və MHP-nin deputatları olub. Avropada mənasız solçuların təsirində olan və mövqeyi də özü kimi utancverici olan CHP deputatları müzakirəyə ümumiyyətlə gəlməyiblər, iştirak edən HDP-li bir deputat isə Azərbaycanın əleyhinə səs verib. Qardaş Türkiyənin iqtidar deputatlarına, AKP-MHP təmsilçilərinə təşəkkür düşür.
AŞPA-nin qərarında “Laçın koridoru” və Qarabağla bağlı digər iddialar əsassız, mənasız, beynəlxalq hüquqa zidd və absurddur, rədd edilməlidir. Qurumun nüfuzu və sözünün kəsərinə xələl gətirən yanaşmadır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, bunu bacaran, Rusiya və SSRİ imperiyalarının basdırdığı “mina”nı təmizləyə bilən ilk Avropa Şurası ölkəsi oldu. Qurum buna sevinib dəstək verməkdənsə, bu məsələdə Azərbaycanın üzərinə gəlməsi qərəzli və absurddur. Bu gün dost Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün vuruşur, AŞPA, Avropa Şurası buna görə Ukraynaya haqlı olaraq tam dəstək verir, eyni hüquqi məsələdə Azərbaycana fərqli yanaşması qəbuledilməzdir. Bu, Avropa Şurasının başını aşağı edən yanaşmadır”.
İqtisadçının sözlərinə görə, Qərb-Azərbaycan münasibətlərin pisləşməsindən udan Rusiya, uduzan isə Avropa və Azərbaycan olacaq. Onun fikrincə, münasibətlərin normallaşması həm Qərb, həm də Azərbaycanın xeyrinə olan məsələdir.
Eyni zamanda, Natiq Cəfərli münasibətlər kəskinləşib qırılma nöqtəsinə çatacağını düşünmür:
“Münasibətlər qarşılıqlı güzəştlərlə düzəlməlidir, düzələcək də. Bundan başqa, Azərbaycanın strateji və əsl müttəfiqi, bütün məsələlərdə qarşılıqlı qərarlar aldığı ölkə Türkiyədir. Qardaş Türkiyə NATO dövlətidir, həmçinin rəsmi Ankara son zamanlar Qərblə münasibətlərini yeni, daha yaxşı müstəviyə çəkməyə çalışır.
Yeri gəlmişkən, AŞPA-da Türkiyə məsələsi də qaldırılmalı, onun da bir illik fəaliyyəti dondurulmalı idi. AKP iqtidarı doğru qərarlar alaraq, bu məsələni öncədən həll etdi – İsveçin NATO üzvlüyünə “hə” dedi, ABŞ ilə münasibətləri yaxşılaşdırdı, Mərkəzi Bankın beynəlxalq standartlara uyğun davranması və xarici investorlara daha yaxşı şəraitin yaradılmasına qərar verdi, İsraili sərt tənqid etsə də, əməldə ciddi addım atıb münasibətləri gərginləşdirmədi. Bu, yaxşı gedişatdır, məncə, Qərblə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacaq”.