Rusiyanın 300 milyardlıq aktivləri Ukraynaya verilir – Layihə ABŞ Senatının komitəsindən keçdi
Çərşənbə günü ABŞ Senatının müvafiq komitəsi Rusiyanın sanksiyalara görə dondurulmuş aktivlərinin müsadirə edilməsinə dair qanun layihəsini dəstəkləyib. Layihə qəbul olunarsa, ABŞ Rusiyanın hərbi təcavüzündən dəyən ziyanı kompensasiya etmək üçün bu aktivləri Ukraynaya verə biləcək.
Qanun layihəsi İqtisadi İmkanların Bərpası Aktı(REPO) adlanır. Komitə üzvləri onun lehinə 20, əleyhinə bir səs verib. Bundan sonra layihə bütövlükdə Senatın, daha sonra isə Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunacaq.Təsdiq olunarsa, ABŞ Prezidentinə imzalanmaq üçün təqdim olunacaq. Layihə qüvvəyə minərsə, bu, ABŞ-ın müharibədə olmadığı bir ölkə ilə bağlı aktivlərini müsadirə edə biləcəyi ilk hadisə olacaq.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bildirib ki, Rusiya təzyiq görməsə, Ukraynanı məğlub edə bilər.
“Hamımız bilirik ki, bu işğal təkcə Ukrayna ilə bitməyəcək”, – o vurğulayıb.
Moskva daha əvvəl Rusiyanın xaricdəki aktivlərinin dondurulması və ya müsadirə edilməsinə cavab olaraq, ən azı 288 milyard dollar dəyərində qiymətləndirdiyi “dost olmayan ölkələrin” Rusiyadakı aktivlərinə qarşı oxşar addımlar ata biləcəyini bildirmişdi.
Ukraynadakı müharibə ilə əlaqədar sanksiyaların tətbiqindən sonra Rusiyanın ABŞ, Avropa Birliyi ölkələri, Kanada və Yaponiyada təxminən 300 milyard dollarlıq aktivləri dondurulub. ABŞ-da Rusiyanın dondurulmuş əmlakının həcmi təxminən 5-6 milyard dollardır.
Sanksiyaya məruz qalan Rusiya aktivlərinin əksəriyyəti Avropada yerləşir. Aİ ölkələri hələ də onların müsadirəsi üçün hüquqi mexanizm hazırlamayıblar, lakin bu aktivlərin idarə olunmasından əldə olunan gəlirləri Ukraynaya köçürmək imkanı axtarırlar./azpolitika.info