“İL-76”-da ukraynalı əsirlər olubmu? – Ekspert Rusiyanın rəsmi versiyasını faktlarla darmadağın etdi
Tanınmış ukraynalı şərhçi Aleksandr Kovalenko dünən Rusiyanın Belqorod şəhərində qəzaya uğrayan “İL-76” hərbi nəqliyyat təyyarəsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin açıqlamasının həqiqətə uyğun olmadığını bildirib.
Xatırladaq ki, nazirlik təyyarədə 65 ukraynalı əsirin, onları müşayiət edən 3 hərbçinin və 6 heyət üzvünün olduğunu bildirib. Qeyd olunur ki, əsirlər Ukrayna tərəfi ilə mübadilə üçün aparılarkən hadisə baş verib. Rusiya tərəfi “İL-76”-nın Ukrayna HHM tərəfindən vurulduğunu iddia edir.
Aleksandr Kovalneko isə bu açıqlamanı təkzib edən faktlar təqdim edib. “Təyyarənin kursuna baxdıqda, belə çıxır ki, ukraynalı əsirləri dəyişdirmək üçün onlar Monqolustana və ya Şimali Koreyaya aparılırmış”, – ekspert bildirib.
““İl-76” saat 11:00 radələrində Belqorod vilayətində qəzaya uğrayıb. Rusiya informasiya məkanında ortaya çıxan ilk xəbər təyyarənin Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulması ilə bağlı olub. Daha sonra xəbər “İL-76”-nın Ukrayna HHM tərəfindən məhv edilməsinə dəyişdirildi və və təyyarədə mübadilə üçün aparılan ukraynalı məhbusların olduğu iddia edildi”, – şərhçi əlavə edir.
A.Kovalenko vurğulayır ki, qəza yerindən ortaya çıxan ilk görüntülərdə çox sayda cəsədlər görünmür: “Priqojinin öldüyü “MH-17” fəlakətini xatırlayın. Bütün sahə təyyarənin qalıqları və ölənlərin cəsədləri ilə dolu idi. Nəzərə alsaq ki, onun olduğu təyyarə biznes tipli reaktiv, daha kiçik ölçülü idi, sərnişinlərin də sayı az olub, buna baxmayaraq, qəza yerindən ilk görüntülərdə sərnişinlərin qalıqları var idi”.
Ekspert daha bir məqama diqqət çəkir: “Təyyarənin yerə enmədiyi, əksinə, Belqoroddan havaya qalxdığı da göz qabağındadır. Belqorodu tərk edirsə, hərbi əsirləri dəyişdirmək üçün haradan və necə gətirə bilərdilər? Daha sonra Marqarita Simonyan yanvarın 3-də dəyişdirilən ukraynalı hərbçilərin adları da daxil edilmiş əsirlərin siyahısı ilə efirə çıxdı…”
Kovalenko qeyd edir ki, OSINT analitikləri RA-78830 bort nömrəli “İl-76” təyyarəsinin Misir, Səudiyyə Ərəbistanı və İran vasitəsilə Rusiyaya uçduğu, Suriya ərazilərində radarlardan itdiyi, daha sonra isə Belqorod vilayətində peyda olması faktını təsdiqləyiblər. “Belə çıxır ki, əsir götürülmüş ukraynalıları aparmaq üçün çox qəribə bir marşrut seçilib”, – o əlavə edib.
Ekspert deyir ki, Rusiya Müdafiə Nazirliyinin təyyarədə cəmi 3 mühafizəçinin 65 hərbi əsiri müşayiət etdiyi barədə açıqlaması ilə bağlı da sual yaranıb: “Bu, hərbi əsirlərə nəzarət etmək üçün olduqca aşağı rəqəmdir və müvafiq qanunvericiliyi tamamilə pozur. “İl-76”-nın yerə çırpılmasından 5 saat sonra qəza yerindən yeni bir video peyda oldu, orada çoxlu sayda zədələnmiş kiçik gövdə parçası göstərildi. Bununla təyyarənin HHM raketi ilə vurulduğu təsdiqlədi. Bununla belə hadisədən 5 saat sonra öldüyü güman edilən ukraynalı əsirlərin cəsədləri göstərilməyib”.
Kovalenko bütün faktları ümumiləşdirərək əminliklə qeyd edir ki, “İL-76”-nın göyərtəsində ukraynalı əsirlərin olması barədə Rusiya Müdafiə Nazirliyinin versiyası darmadağın olur. “Amma təhlükə başqa yerdədir. Onlar rəsmi olaraq bildirdilər ki, təyyarədə hərbi əsirlər var. Amma bununla bağlı bir dənə də olsun maddi sübut təqdim edilməyib, baxmayaraq ki, Rusiya təbliğatı üçün onların rəsmi qurumlarının haqlı olduğunu göstərmək çox vacibdir. Bütün bunların fonunda qorxu yaranır ki, rus terrorçuları sözügedən “maddi sübut”u hazırlaya bilərlər”, – ukraynalı ekspert vurğulayıb./azpolitika.info