AŞPA-ya qarşı demarş: Bu, nadir hadisədir

 

Əslində AŞPA-da ölkəmizə qarşı atılan son addım gözlənilən idi.

Bu sözləri siyasi şərhçi Turab Rzayev deyib.

O, AB və AŞ-nin ölkəmizə təzyiq yolu ilə məqsədinə çatmaq istədiyini bildirib:

“Artıq uzun müddət idi ki, Azərbaycan və AŞPA arasında münasibətlər həddindən artıq gərginləşmişdi. Son 30 ildə və üzv olduğumuz 23 ildə qurumun ölkəmizə qarşı münasibəti heç də həmişə müsbət olmayıb. Enişli-yoxuşlu olsa da, bunu müəyyən mənada əməkdaşlıq adlandırmaq mümkündür. Ancaq 44 günlük müharibə ərəfəsində, ərzində və sonrasında demək olar ki, hər həftə AŞPA-da ölkəmizə qarşı qərar qəbul edilirdi. Bunlar erməni abidələri, “erməni qaçqınları”, İrəvanın sərhəd iddiaları və s. ilə bağlı olurdu. Sərgilənən mövqe tamamilə qəbuledilməzdir. Çünki biz heç vaxt AŞPA-nın ölkəmizlə, qaçqınlarımız, Ermənistanın işğalı ilə bağlı hansısa tutarlı sənəd qəbul edildiyini görmədik. Burada iki əsas məqam var. Birincisi odur ki, AŞPA öz-özlüyündə o qədər önəmli qurum deyil. Çünki məşvərətçi qurumdur. Avropada siyasəti isə Avropa Birliyi Şurası və Avropa Komissiyası müəyyən edir. AŞPA-da cavab kimi Azərbaycan nümayəndə heyətinin bəyanat yayaraq qeyri-müəyyən müddətə fəaliyyətini dondurması və qurumu tərk etməsi isə siyasi tariximizdə çox ciddi hadisədir. Yaxın gələcəkdə biz dövlətimizin xarici siyasətində bu istiqamətdə növbəti addımların şahidi olacağıq. İstənilən halda Avropa Şurası keçmiş siyasətçilərin, keçmiş deputatların, biznesmen və oliqarxların toplandığı kluba çevrilib. Ancaq Jozep Borrellin də Azərbaycanın Ermənistan ərazisini “işğal” niyyətindən narahat olduqlarını bildirməsi artıq ciddi siqnaldır. Bu, AB və AŞ-nin artıq Azərbaycanı siyasi təcrid yolunu tutduqlarını göstərir. Diqqətli olmalıyıq, ATƏT-də də analoji addımlar atıla bilər. Təzyiqlə hansısa məqsədlərə nail olmaq niyyətindədirlər. Ancaq heç bir şey əldə edə bilməyəcəklər. Çünki Vətən və dövlət məsələsində heç bir halda güzəşt olmur. Geriyə yol yoxdur. Azərbaycan da qarşılığı və nəticəsi nə olursa-olsun, heç bir şəkildə geri addım atmayacaq. Dövlətimizə təzyiq yolu ilə caynağını keçirmək istəyənlər birliyimizi və gücümüzü görəcəklər”.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiq olunmayıb. Nümayəndə heyətimiz isə ötən gün bəyanat yayaraq qurumu tərk edib və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dondurub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password