AŞPA-dan sonra AB-nin sanksiyası gəlir? – Ekspert
AŞPA-da ölkələrin parlamentləri təmsil olunduğu halda AB-də birbaşa ölkələr təmsil olunur. AB-də qərarların verilməsi elə də asan deyil. Belə ki, burada qərarlar konsensus əsasında, yekdilliklə qəbul edilir.
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarından sonra Avropa Birliyinin hər hansı məhdudlaşdırıcı tədbirə əl ata bilmə ehtimalı haqda danışarkən deyib.
Ekspert bildirib ki, AB üzvlərinin həmçinin veto hüquqları var:
“Bir ölkə belə bu hüquqdan istifadə etsə, qərar qəbul edilmir. Hesab edirəm hazırda AB-də Azərbaycana qarşı sanksiya ehtimalı yoxdur. Bununla belə, Azərbaycana qarşı sanksiya məsələsi gündəmə gələrsə, belə bir qərarın qəbul edilməsi inandırıcı deyil. Məsələ ondadır ki, bu gün Azərbaycanın AB-də dost və tərəfdaşları kifayət qədər çoxdur. Misal üçün, İtaliya, Macarıstan və Balkan ölkələri veto hüququndan istifadə edərək bu qərara mane ola bilər.
AB-dəki bir çox ölkə yaxşı bilir ki, AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe qərəzlidir. Misal üçün, azadlıqlar ilə bağlı məsələnin Qarabağ mövzusu ilə birlikdə təqdim edilməsi doğru deyil. Müqayisə üçün deyim ki, AŞPA və ümumilikdə AB Ukraynanın öz torpaqları uğrunda döyüşməsinə belə mövqe sərgiləmir. Bu anlaşılmaz, qəbuledilməzdir”.
Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib./globalinfo.az