Türkiyə və Azərbaycana qarşı ikili standartdan ən böyük zərəri Avropa görəcək – Fatih Beydili
Avropanın İslam dünyası ilə birbaşa əlaqə saxlaya bildiyi ölkələr olan Türkiyə və Azərbaycanla əməkdaşlığı artırması tarixi və strateji əhəmiyyət kəsb edir, çünki Türkiyə ilə Azərbaycan Avropa və ya Qərb ilə İslam dünyası arasında əlaqəni təmin edən ən mühüm körpülərdən biridir. Avropa Şurasının üzvü olan bu iki ölkə İslam ölkələrinin həm nümunə kimi gördüyü dövlətlər, həm də Avropanın bütün dünya ilə dialoq qurmasına vasitəçi ölkələrdir. Bu baxımdan, son zamanlar Türkiyə və Azərbaycana qarşı mənfi ikili standart münasibətlərindən ən böyük zərəri Avropa görəcək.
Bunu açıqlamasında Türkmən Həkimlər Dərnəyinin sədri Prof.Dr. Muhtar Fatih Beydili deyib.
Onun sözlərinə görə, Avropa Şurasının əsas prinsiplərindən biri və ən mühümü odur ki, üzv ölkə heç vaxt başqa bir üzv ölkənin ərazisini işğal edə bilməz.
“Hadisələrə buradan nəzər salsaq, Avropa Şurasına üzv ölkə olan Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb və Şura bu məsələdə ikili standart siyasətindən istifadə edib, qərarlarını yerinə yetirməyib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyon azərbaycanlının hüquqları tapdalanıb. Krımın işğalından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa Qarabağı işğal edən Ermənistana qarşı 30 il susmağı üstün tutsa da, Azərbaycan Ordusu 44 günlük müharibədə bu torpaqları işğalçı Ermənistandan azad edib. Odur ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Türkiyə və Azərbaycanofobiya,həmçinin, islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti bildirişə qədər AŞPA-dakı əməkdaşlığını və mövcudluğunu bitirmək qərarına gəlib.
Bir vaxtlar Türkiyə qonşu Suriyadan gələn minlərlə suriyalı türkmən və digər ərəb qaçqınlarına Müvəqqəti Mühafizə Statusu vermiş, Avropa ölkələri isə bu qaçqınların dəniz və quru yolu ilə öz torpaqlarına çatmasından narahat olduqlarını bildirmişdi. Sonda 2016-cı ildə Türkiyə ilə hərtərəfli readmissiya sazişi imzalandı. 2015-ci ildən bəri bir milyondan çox suriyalı qaçqın Yunanıstan və Balkan ölkələri vasitəsilə Avropaya çatıb. Bu baxımdan, Ukrayna böhranı Aİ-dən qaçqın siyasətini yenidən düşünməyi tələb edir. Bu, cəmiyyətin daha humanist, daha ədalətli, daha əhatəli və daha davamlı olması üçün tədbirlər görmək imkanıdır. Qaçqın siyasətində ikili standartların qorunub saxlanılması və konkret vəziyyətə əsaslanan addımların atılması bu fürsəti əldən vermək deməkdir. Bütün bunlar sadəcə, Avropanın İkili Standartlarıdır!”, – deyə o, əlavə edib.
Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib./trend.az