Sülhə əngəl yaradan amil: Paşinyan anonsunu verdi – Aradan qaldırılır
Ermənistan konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bu, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında ciddi şəkildə mane olan hüquqi aktdır.
Bunu açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, konstitusiya əsas qanundur və istənilən zaman konstitusiyaya istinad etməklə sülh müqaviləsinin şərtlərini “etibarsız” hesab etmək mümkün olacaq:
“Beynəlxalq müqavilələr həm də ölkə konstitusiyasına uyğun olmalıdır. Azərbaycanın bu məsələni qaldırması çox əhəmiyyətlidir. Ermənistanın “keçmiş Dağlıq Qarabağın ilhaqına dair akt”ı olmuşdu. Ermənistan bütövlükdə aqressiv siyasətindən əl çəkməlidir. Bu baxımdan Ermənistan-Azərbaycan sülh müqaviləsininin ilk şərtlərindən biri də İrəvan konstitusiyasının dəyişməsidir. Hesab edirəm ki, eyni zamanda Paşinyan tərəfindən bu məsələlərin qaldırılması, onun daha məsələlərə konstruktiv yanaşmasını həm də göstəricilərindəndir. Çünki Paşinyan başa düşür ki, Ermənistanın gələcəyi qonşuları ilə sabit normal sülh münasibətlərində ancaq irəliləyə bilər. Ona görə hər şeydən öncə buna əngəl olan ideoloji əsasları aradan qaldırmalıdır. Bu ideoloji əsaslarından biri də konstitusiyadır. Ona görə də yenidən konstitusiya baxılmalıdır”.
Əliməmməd Nuriyev bildirib ki, istənilən halda sülh müqaviləsi siyasi hüquqi bir aktdır:
“Hər şey beynəlxalq hüquq həmçinin milli qanunvericilik normalarına söykənməlidir. Bu Ermənistanın gələcəyini təmin etməsi ilə bağlı mühüm məsələdir. Əgər bu münasibəti gerçəkləşdirmək imkanına malik olacaqsa, bu Ermənistanın gələcəyi üçün vacib əhəmiyyətli addım hesab edilməlidir. Bu istiqamətdə olan iddialarını, ideyalarını həyata gerçəkləşdirə bilərsə, gələcəkdə Nikol Paşinyana Ermənistanın mövcudluğunun varisi kimi baxıla bilər. Amma Azərbaycan tərəfindən bu məsələyə nöqtə qoyulmalıdır. Çünki bu gün Ermənistanda qəbul edilmiş indiyə qədər hüquqi aktların böyük əksəriyyətində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Eyni zamanda, bu gələcək sülh münasibətlərinin qorulmasına ciddi surətdə mane olur. Mövcud şərtlərlə sülh müqaviləsi imzalanarsa, bu formal hüquqi xarakter daşıyacaq. Hər zaman onun legitimliyi sual altında ola bilər. Ona görə biz bu məsələyə çox diqqət yetirməliyik”./*teleqraf.com