İrəvanın istəklərinə Bakının cavabı – Sülhə gedən yolda “maneələr”
Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək
Bunu siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bugünkü mətbuat konfransında söylədiklərinə münasibət bildirərkən deyib.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bugünkü mətbuat konfransında söylədiklərindən gəlinlən əsas nəticələr bunlardır: 1.İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı sərhədlərin dəqiqləşməsini də istəyir. Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini prezident İlham Əliyev bir neçə dəfə bildirib; 2. Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir. Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq; 3. Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır. Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır”, – o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunduğunu bildirib. O, həmçinin bildirib ki, birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur. Bundan əlavə Mirzoyan Ermənistanda başqa mina xəritələrinin olduğunu etiraf edib.