İlham Əliyev təkcə regional deyil, həm də dünya miqyaslı liderdir – Gürcü ekspert
Prezident İlham Əliyev təkcə regional deyil, həm də dünya miqyaslı liderdir.
Bu barədə siyasi analitik, Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin əməkdaşı Tengiz Pxaladze deyib.
“Prezident İlham ƏIiyev şübhəsiz, təkcə regional miqyaslı lider deyil. O, dünya arenasında strateji təfəkkürə malik parlaq lider olmaqla strateji planda fəaliyyət göstərmək və strateji qərarlar icra etmək iqtidarındadır. Təbii ki, bütün bunlar Azərbaycan Respublikasında, ölkənin həm iqtisadi inkişaf, həm də milli, çoxtərəfli, ahəngdar və hərtərəfli inkişaf baxımından nümayiş etdirdiyi bütün nailiyyətlərdə öz əksini tapıb”, – T.Pxaladze deyib.
Onun sözlərinə görə, 20 il ərzində Azərbaycan mühüm irəliləyiş etdirdi ki, bu da ölkəni regional liderlərdən birinə çevirdi.
“Təbii ki, bunda məhz Prezident İlham Əliyevin strategiyasının və uzaqgörənliyinin payı böyükdür. Deyərdim ki, ən böyük tarixi nailiyyətlərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasıdır ki, bu da öz növbəsində müasir tarixdə unikal nümunədir”, – ekspert deyib.
Siyasi analitik ötən ilin dekabr ayında Qarabağın bir sıra rayonlarına səfər etdiyini və bölgədə aparılan işlərin miqyasına, möhtəşəm bərpa layihələrinə heyran qaldığını bildirib.
“Bütün bunlar Prezident İlham Əliyevin həm ölkənin ərazi bütövlüyünün bərpası, həm də bu ərazilərin dirçəlişi, inteqrasiyası və gələcək inkişafı üzrə dəqiq strategiyasından xəbər verir. Bunlar Prezident İlham Əliyevin strateq, görkəmli siyasətçi və Azərbaycan xalqının ləyaqətli lideri olaraq tarixi rolunu vurğulayır”, – o deyib.
T.Pxaladze Azərbaycan və Gürcüstanın bir-birinə kömək etdiyini və bir-birini tamamladığını, birlikdə həm hər iki dövlətin xalqı, həm də regional və trans-regional əməkdaşlıqda maraqlı olan digər ölkələrin uğuru və inkişafı üçün imkanlar yaratdığını qeyd edib.
“Təbii ki, bu planda Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı mühüm aspektlərdən biridir. Mən artıq tarixin dərinliklərinə gedib qardaş xalqlarımızın tarixi əlaqələrindən bəhs etməyəcəyəm. Dost olmaq, qardaş olmaq bizim taleyimizdir. Bu, böyük bəhrələr gətirən və dövlətlərimizin inkişafının dayağı olan dostluqdur. Bu səbəbdən qardaş Azərbaycan Respublikasının və müvafiq olaraq, qardaş ölkəmizin lideri Prezident İlham Əliyevin uğurları bizim üçün çox vacibdir”, – deyə ekspert əlavə edib./trend.az