Dövlətə 4 milyon manata yaxın vergi borcu olan MMC satınalmalarda necə at oynadır?
Yanvarın 1-dən Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqinə başlanılıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.
Deyilənlərə görə bu həm satınalan təşkilatların, həm də sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdıracaq, eyni zamanda, sağlam rəqabət mühitinin təmin olunmasına öz töhfəsini verəcək. Amma yeni qanun hələ qüvvəyə minməmişdən də satınalan təşkilatlar, yəni dövlət qurumlarının rəsmiləri satınalmaların elektron qaydada keçirildiyini, qalib olan şirkətlərlə heç bir əlaqələrinin olmadıqlarını bildirdilər. Buna adamın heç inanmağı gəlmirdi. Çünki satınalmalarda sağlam rəqabət mühitinin olmaması elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında özünü göstərir.
Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəlif, mənası bilinməyən adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu barədə də həmçinin. Yəni, bu gün heç kimə sirr deyil ki, adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər həftə bir və ya bir neçə satınalmaların qalibi olurlar.
Belə şirkətlərdən biri də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.
Bəs bu şirkət kimə məxsusdur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan atınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.
Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.
2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 1 473 252.55 manat vergi borcu var.
Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olan bir MMC-nin satınalmalarda iştirakına kimlər yol verir?
MMC-nin ən son bağladığı satınalma müqavilələrinə diqqət yetirin. Azərişıq”ASC tərəfindən 29 sentyabr 2023-ci il tarixində “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair müsabiqədə iştirak edən “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib.
“Azərişıq”ASC-nin rəsmiləri satınalma müqaviləsi bağladığda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi? Tək “Azərişıq” deyil, bunları Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin hər biri görməli idi. Amma göründüyü kimi bütün dövlət qurumları bu MMC-nin yerinə yetirilməmiş vergi öhdəliklərini görməzdən gəlir. MMC də Azərbaycanın satınalma bazarında at oynadır.
Digər tərəfdən. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qədər vergi borcu olan MMC-nin hansı əsalarla satınalmalara buraxır? Bu bir ilin borcu deyil. Elektron medianın yazdığına görə MMC hələ “PİRAMİDA-F.R.” adını daşıyanda dövlətə 542 min manat vergi borcu olub. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır? Bütün yuxarıda qeyd olunanları mətbuat görür, əlinda geniş araşdırma səlahiyyətləri olan Dövlət Xidməti görmür? Dövlət Vergi Xidmətindən vergi borcunun olub,olmaması barədə arayışı bu MMC-yə kimlər verir? Vergi borcu barədə arayışlar kimlər tərəfindən saxtalaşdırılır? Respublika Hesablama Palatası bunları görmürmü? Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlətin ayırdığı milyonlarla manat vəsaitə nəzarət etmirmi? Bütün bunlar Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərhal hərəkətə keçməsinə və korrupsiyyay bulaşmış bu MMC-nin barəsində təcili və təxirəsalınmaz tədbirlər görməyə əsas vermirmi?
Aktualinfo.org