Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb: Ekspert onların hibrid olduğunu deyir

 

Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, balqabaq, yunan qabağı və balqabaqlar fəsiləsindən olan digər tərəvəzlərin idxal miqdarı 307,94 tondur. Balqabaq ölkəmizdə boranı adı ilə məşhurdur. Həmçinin “qabaq” və “kudu” kimi də tanınır. Maraqlıdır, bu məhsul ölkəmizdə əkilib-becərilirsə, o zaman nə üçün İspaniyadan gətiririk? 

Məsələ ilə bağlı “Kaspi” qəzetinin məqaləsində deyilir:

Ölkəmizdə kifayət qədər əkilir

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, yerli məhsulun istehsalında heç bir problem yoxdur: “Ölkəmizdə yetəri qədər balqabaq əkilir. Yəni, gətirilən məhsul bazara çıxarılmır. Ola bilər ki, xarici restoranlar gətirir. Bu məhsulu gətirənlər daha çox sahibkarlardır”.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev də dedi ki, ölkəmizdə kifayət qədər balqabaq əkilir: “Cənub bölgəsində uzunsov növü, dağlıq ərazilərdə, məsələn, Gədəbəydə həyətyanı sahələrdə kudu deyilən yumru, iri balqabaqlar yetişdirilir. Elələri var ki, birinin ağırlığı 57 kiloqramdır. Şəxsən özüm çəkmişəm”.

Göy qabaq gətirilə bilər

E.Allahverdiyev qeyd etdi ki, xarici sortlardan bizdə göy qabaq məşhurlaşıb: “Ola bilər ki, göy qabağı qeyri-mövsüm vaxtı gətirirlər. Biz onu yunan qabağı kimi tanıyırıq. Son illərdə ölkəmizdə bu məhsula tələbat artıb. Xüsusi restoranlarda ondan yeməklər hazırlanır. Ölkəmizdə son illərdə bu məhsulun da əkin sahələri genişlənib. İstənilən regionda əkilib-becərilməsi mümkündür. Hətta istixana şəraitində də yetişdirilir. Amma bizim əkinçilər daha çox ənənəvi balqabaqları əkməyə üstünlük verirlər”.

Boranını ən çox restoranlar alır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, bizdə balqabağa tələbat az olsa da, maraq var: “Azərbaycan milli mətbəxində öz sözünü demiş boranılı plov, Bakı “qəlyəsi”, boranı şirniyyatı, boranı dolması balqabaqdan hazırlanır. Ölkəmizdə çox geniş istifadə olunmasa da, istifadə edilən yerlər mövcuddur. Boranını ən çox restoranlar alır. Əsasən, türk mətbəxi olan restoranlarda boranıya tələbat olur”.

Həm torpağı, həm insanları zəhərləyir

Ekspertin fikrincə, hər bir halda restoranda hazırlanan təamların dadlı, ləzzətli olması üçün mütləq şəkildə ölkəmizdə yetişən balqabaqlardan istifadə olunmalıdır: “Yerli məhsulun tərəfdarı olmalıyıq. Çünki xaricdən ölkəmizə gələn toxumlar hibriddir. Ona da pestisidlər vurulur. Pestisidlər isə torpağı zəhərləyir. Yuyulan və yuyulmayan pestisidlər var. Hibrid toxumlar və pestisidlərdən sonra torpaqda ənənəvi toxumları əkə bilmirik. Artıq məcburuq ki, xaricdən toxum alıb gətirək. O toxumu ala bilməyəndə torpağımız məhv olacaq. Xaricdən gətirmək asan yoldur. Amma bu, həm torpağın, həm də insanların zəhərlənməsinə səbəb olur”.

Xeyirli olan ənənəvi balqabaqlarımızdır

A.Salamovun sözlərinə görə, insanları yerli məhsul almağa təşviq etməliyik: “Toxum yox, balqabaq gələcəksə, yenə də zəhərlidir. Çünki o da hibriddir. Ölkəyə gətirilən təbii balqabaq yoxdur. Xeyirli olan ənənəvi balqabaqlarımızdır. Xaricdən gətirilən məhsul gözəldir, daha cəlbedici görünür. İnsanlar da bazarda görəndə görünüşünə görə almaq istəyirlər. Amma insanları da maarifləndirmək lazımdır. İdxal olunan məhsulların zərərlərini bilməlidirlər”.

Qiymət də qalxır

Müsahibimiz bildirdi ki, yerli məhsul olmadıqda qiymətlər də yüksəlir: “İdxal məhsulları cibimizi  yandırır. Xarici toxumla da yetişdirilsə, dərmana pul verilir. Beləliklə, qiymət qalxır. Ənənəvi sort olmadıqda qiymət artımı qaçılmazdır. Üzərimizə düşən ənənəvi sortların bərpasıdır. Kəndliləri yerli toxumlarla təmin etmək lazımdır. Yerli məhsul yetişdirməliyik ki, həm ucuzluq olsun, həm də özümüzü zəhərləməyək”.

Vətəndaşların məhsulu əllərində qalıb

İqtisadçı Pərviz Heydərovun fikrincə, yerli məhsul qala-qala xarici məhsulları bazara çıxarmaq istehsala vurulan ən böyük zərbədir: “Yerli istehsala gücümüz çatdığı halda, xaricdən eyni məhsulun idxal olunması ucbatından yerli istehsal inkişafdan qalır, ona maraq getdikcə azalır. Nəticədə daxili bazar idxal məhsulları ilə dolur. Nə qədər faktlar var ki, vətəndaşların həyətyanı sahədə və yaxud təsərrüfatda yetişdirdikləri balqabaqlar əllərində qalır. Mən demirəm ki, idxala qadağa qoyaq. Sadəcə, idxalın bu qədər genişlənməsini azaltmaq lazımdır. İspaniya Avropanın bizdən ən uzaq ölkələrindəndir. Bu sahədəki sahibkarlar niyə bu məhsulu oradan gətirməyə maraq göstərirlər? İlk növbədə bunu araşdırmaq lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password