Ev alanlara 20 min müəmması: – “Çirkli pul”a nəzarət, yoxsa ev satışına “stop”?
Son illər paytaxtda həm yeni binaların, fərdi həyət evlərinin tikintisində artım müşahidə edilməklə yanaşı, daşınmaz əmlak almaq istəyən vətəndaşların da sayı artıb.
Bu, nəinki bölgələrdən paytaxta çox sayda işçi qüvvəsinin gəlməsinə, eləcə də əhalinin burada məskunlaşmasına gətirib çıxarıb. Bu gün vətəndaş ölkədə istədiyi sayda daşınmaz əmlak əldə etmək hüququna malikdir. Son zamanlar isə daşınmaz əmlak almaq istəyən vətəndaşlar bəzi problemlərlə üzləşirlər. Belə ki, notariusda 20 min manatdan baha qiymətə ev almaq istəyən vətəndaşlardan gəlir mənbəyi ilə bağlı hesabat tələb edilir. Bu da bir faktdır ki, paytaxtda həmin məbləğə mənzil almaq mümkün deyil. Nəticədə isə notariusa müraciət edən edən şəxslər hesabatla bağlı çətinliklərlə üzləşirlər.
Maraq doğuran həm də odur ki, notariusların vətəndaşlardan belə bir hesabat tələb etmək hüququ varmı, eləcə də burada məqsəd bölgələrdən vətəndaşların paytaxta gəlişinin qarşısını almaq, yaxud yeni binaların tikintisini məhdudlaşdırmaqdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, həqiqətən də notariuslar ev alan zaman vətəndaşlardan gəlirlərini soruşur və heç kimə bunun səbəbini izah etmirlər:
“Bununla bağlı bizə müraciətlər olub və biz bunu araşdırmışıq. Bildirdilər ki, ancaq gəlirin mənbəyini göstərmək üçün hansısa bir formanın doldurulmasını istəyirlər. Gəlirin mənbəyini göstərmək üçün hansısa bir şəxs deyə bilər ki, qardaşı xaricdə yaşayır, pul göndərib, ev alır. Bunun dövlətlə nə əlaqəsi var, necə yoxlamaq mümkündür, niyə bu sahəyə nəzarət edilməlidir? Ona görə də notariusların bu tələbi qeyri-qanunidir. Azərbaycanda “Gəlir deklarasiyası haqqında” Qanun yoxdur. Daha doğrusu, bunun işləmə mexanizmi yoxdur. Əgər parlament, yaxud hökumət “Gəlir deklarasiyası haqqında” Qanun qəbul etsəydi, özləri də ilk növbədə bu gəlir deklarasiyasını verməli idilər. Bu olmasın deyə, neçə illərdir ki, məsələ “ilişib qalıb”. Ancaq adi vətəndaşdan bunu “çirkli pul”ların yuyulmasına nəzarət mexanizmi adı altında tələb etmək tamamilə məntiqsizdir. Çünki bunu tətbiq etmə mexanizmi yoxdur”.
Ekspert bildirib ki, bu, daşınmaz əmlak bazarına, onsuz da zəif olan iqtisadi aktivliyə növbəti zərbədir:
“Əgər bu proses davam edəcəksə, daşınmaz əmlak bazarında durğunluğa səbəb olacaq. Notarius məndən soruşarsa ki, bu məbləği haradan almısan deyəcəyəm ki, dostum, qohumum verib. Dövlət mənə nə deyəcək? Deyə biləcək ki, niyə qohumun, dostun yardım edib? Bu harada qadağan olunur, nə ilə tənzimlənir, necə nəzarət olunur? Yəni bu həddindən artıq məzmunsuz, mənasız bir qərardır. Bunun işləmə mexanizmi, ölkə üzrə hamının- Avropa, Amerikada olduğu kimi gəlir deklarasiyasının tələb olunmasıdır. O zaman “Gəlir deklarasiyası haqqında” Qanun qəbul etsinlər, onun həyata keçirilməsi haqqında formanı təsdqiləsinlər. O zaman hamı, yəni bütün məmurlar, nazirlər, deputatlar gəlir deklarasiyasını doldursun və biz də bilək ki, gəlir mənbələri hardandır. Əgər bu yoxdursa, notarius elə bir orqan deyil ki, onu tələb etmək hüququ olsun. Sadəcə olaraq bəzi rəsmilər bunu “çirkli pul”ların yuyulmasının qarşısını almaqla izah edirlər. Ancaq “çirkli pul”ların yuyulmasının qarşını belə almaq mümkün deyil”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, notariuslarda vətəndaşlardan rəsmi gəlir deklarasiyası tələb olunmur, sadəcə rəsmi gəlirlə bağlı şifahi məlumatlandırma soruşulur:
“Bu da qanunun tələbidir. Sadəcə olaraq notariusların səlahiyyətli nümayəndələri soruşur ki, bu məbləği haradan almısan? Çünki ev alan insanların bir hissəsi bizneslə məşğuldur, böyük bir hissə pul Azərbaycanın əmlak sektoruna xarici ölkələrdən, xüsusilə də Rusiyadan gəlir. Bir çox sahələr var ki, vergiyə cəlb olunmur. Bu, xüsusilə də kənd təsərrüfatı sahəsini əhatə edir. Vətəndaş sərbəst şəkildə deyə bilər ki, rayonda fermam var, yaxud Rusiyada biznesim var və ya evimi satmışam. Yəni vətəndaşın şifahi formada bunu deməsi kifayət edir. Bu proses ilkin başlanğıcda əmlak bazarına mənfi təsir göstərdi. Ancaq burada vətəndaşlar üçün qorxulu heç nə yoxdur. Məsələn, hansısa bir məbləğə əmlakı aldıqda, banka qoyduğu pul bank hesabında görünür. Vətəndaş alqı-satqı müqaviləsi imzalayır, banka daxil olduqda kamera izləyir. Vətəndaşlar bu kimi prosedur qaydalardan qorxmurlar, sadəcə notarius nümayəndəsinin bir söz soruşmasından qorxmaq yalnış olar. Burada qorxulu heç nə yoxdur. Əmlak bazarına da elə bir ciddi təsir göstərməyəcək”. /Cümhuriyət