Əliyevin iki tələbinə müsbət cavab – Dəhliz açılır, sülh sazişi belə imzalanır
Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə hazırlaşır.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan və komandası Rusiyaya qarşı yeni tezislərlə təbliğat kampaniyasına başlayıb:
“Son dövrlərdə Ermənistan-Rusiya münasibətləri isinməyə başlamışdı, əlaqələr konstruktiv görünürdü. Xüsusən də Nikol Paşinyanın ötən ilin sonunda Sankt-Peterburqa səfəri müsbət atmosfer yaratmışdı. Bununla belə, Paşinyan ötən həftəsonu partiya üzvləri ilə görüşündə anti-Rusiya kampaniyasının yeni mərhələsini başladıb. O, ad çəkmədən Azərbaycanla mümkün müharibənin bütün məsuliyyətini və günahını üçüncü ölkənin üzərinə atmağa çalışıb. Bəllidir ki, Paşinyanın eyham vurduğu üçüncü tərəf Rusiyadır. O bildirib ki, Ermənistan və Azərbaycandan kənarda sülhün bərqərar olmasına mane olan qüvvələr var.
Azərbaycan prezidenti dəfələrlə Paşinyanla Zəngəzur dəhlizi məsələsində razılığa gəldiyini bəyan edib. Düzdür, Paşinyan və partiyasının üzvləri (“Vətəndaş Müqaviləsi”) bunu həmişə inkar edirlər, amma əlbəttə, bunu açıq formada təsdiqləməyəcəklər. Vaxtilə Qarabağın təhvil verilməsi vədini yerinə yetirdiyi kimi, bu vədini də yerinə yetirəcək. Paşinyan və komandası bu günlərdə bunun üçün zəmin hazırlayır”.
Nəşr qeyd edir ki, Ermənistan baş naziri Zəngəzur dəhlizini açacaq, “günahkar” da Rusiyanı çıxaracaq.
“Hraparak” Paşinyanın Prezident İlham Əliyevin təklifinə uyğun olaraq, sülh danışıqlarının vasitəçi olmadan iki ölkə arasında davam etdirilməsinə razı olduğunu da iddia edir:
“Paşinyanın niyyətlərini parlamentin sədri Alen Simonyan açıqladı. O, üçüncü dövlətlərin prosesdə iştirakına qarşı çıxdı.
“Üçüncü dövlət nə deməkdir? Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarına sahib olmaq. Əlbəttə, belə rıçaqlara sahib olmaq istəyən tərəflər “yaxşı vasitəçi” olmaq istərdilər”, – Simonyan bildirib”.
“Vətəndaş Müqaviləsi”nin deputatı Gevorq Papoyan da Sünikdən (Zəngəzur) keçən yolları idarə etmək Rusiyanın arzularından biri olduğunu söyləyib:
“Rusların Sünikə gəlib nəyisə idarə etmələrinin mənası yoxdur, bu, arzudur. 10 noyabr bəyanatının 9-cu bənd ondan ibarətdir ki, Ermənistan bizim qanunvericiliyə uyğun olaraq yol verməli və verməyə hazırdır”.
Hakim partiyanın rəsmisi Ermənistanın Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı olduğunu açıq dillə ifadə edib./teleqraf.com