Müasir Azərbaycan poeziyasının parlaq siması: Nəbi Xəzrinin anım günüdür

 

Bu gün Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzrinin anım günüdür.

Xatırladaq ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.

Atası kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib. Həmin il özü də dünyasını dəyişib. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942-1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.

20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.

O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürüb.

1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərib.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər”(1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.

Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək Tehranda nəşr edilib.

Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatına layiq görülüb./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password