Cənubi Qafqazda taleyüklü proses
Rusiyanın Ukraynaya qarşı başlatdığı və iki ildir qalib gələ bilmədiyi genişmiqyaslı müharibə dünyanın əksər ölkələrinin, o cümlədən hərbi münaqişə tərəflərinin ən yaxın qonşularının siyasi həyatına düzəlişlər edir. Yaxın qonşuların bu ölkələrin gələcəyinin bu hərbi qarşıdurmada kimin qalib gələcəyindən birbaşa asılılığını nəzərə alsaq, maraqlı mənzərə yaranır.
Bu münaqişə artıq yaşamaq uğrunda müharibəyə çevrildiyinə görə, Xeyir və ya Şərin, demokratiya və ya avtokratiyanın, imperiyanın və ya onun keçmiş müstəmləkələrinin qələbəsi təkcə postsovet ölkələrində deyil, həm də onların sərhədlərindən uzaqlarda da güc balansını müəyyən edəcək.
Bu kontekstdə Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaz regionuna necə təsir etdiyini düşünməyə çalışaq.
Gürcüstan
Bu yaxınlarda Gürcüstan mətbuatında hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı, milyarder Bidzina İvanişvilinin 2024-cü ilin sonunda Gürcüstan Prezidenti ola biləcəyi ilə bağlı yayılan məlumatlar Gürcüstan iqtidarının hakimiyyəti saxlamaq üçün qızğın axtarışda olması narahatlığına əsas verir. Hakim partiyanın “xaç atası” kremlpərəst oliqarx İvanişvilinin üç illik fasilədən sonra böyük siyasətə növbəti qayıdışı ilin sonunda, dekabrın 30-da “məğlub müxalifət” şəraitində “uğurdan baş gicəllənməsi”, “parçalanma və korrupsiya risklərindən” qorumaq üçün partiya yoldaşlarını “azğın ilandan” müdafiə edən hakim partiyanın fəxri sədri olmaq qərarına gəldikdə müzakirə olundu.
Amma məntiqli sual yaranır: İvanişviliyə kölgədə olarkən bu vəzifələri yerinə yetirməyə kim və ya nə mane olur? Axı, heç kimə sirr deyil ki, istər Gürcüstanın özündə, istərsə də onun hüdudlarından kənarda məlumdur ki, Gürcüstanın və ölkə rəhbərliyinə təyin edilən şəxslərin faktiki “ağası” özüdür, baxmayaraq ki, o, son vaxtlar “sürüdən qopan”a – Gürcüstanın əsrlər boyu bir düşməni – Rusiya olduğunu bəyan edən keçmiş protejesi, Prezident Salome Zurabişviliyə qarşı mübarizəyə başlayıb.
Partiya qurultayında ölkəyə onun nəzarət etməsi ilə bağlı məlum həqiqəti həm özü, həm də hazırkı Baş nazir İrakli Qaribaşvili etiraf etdi – sonuncu böhran vəziyyətlərində onunla dəfələrlə məsləhətləşdiyini bildirdi: “Şəxsən mən gizlətməmişəm və gizlədəsi heç nə yoxdur – mənim də məsləhətləşmələrim olub, çünki biz o qədər çətin dövrlərdən keçirdik, bütövlükdə komanda elə çətin böhranlardan keçirdi ki, strateji məsələlərlə bağlı məsləhətləşmələr aparmaq lazım idi. Söhbət ölkənin taleyi, ölkənin xilası və bütövlükdə bu təlatümlü vəziyyətdə, belə demək mümkünsə, düzgün naviqasiya ilə bağlı məsələlərdən gedirdi”.
İvanişvilinin özü isə keçmiş Baş nazir, “satqın” Giorgi Qaxariyanın vəzifədən kənarlaşdırıldığını xatırladaraq, dövlətin idarə olunmasında iştirak etdiyini etiraf etdi: “O zaman mən müşavir funksiyasını öz üzərimə götürməli idim və əgər komandaya məsləhətləşmələrdə kömək etməsəydim, proseslər ssenarisi ölkələr üçün ən çətin şəkildə inkişaf edərdi”.
O vaxtdan bəri “pərdəarxası lider” özünü ifşa etməyə davam etdi, 2-3 partiya lideri ilə məsləhətləşmələr apardı, bu da “komandada sağlam mühitin saxlanmasına kömək etdi”.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Gürcüstanın qeyri-rəsmi hökmdarını yeni geosiyasi reallıqlar kontekstində ölkə üzərində nəzarəti itirmək və qarşıdan gələn parlament seçkilərində uduzmaq qorxusu irəli sürür. Və bugünlərdə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nizamnaməsinə edilən tələsik dəyişikliklərə əsasən, təsisçi və fəxri sədrin ölkənin Baş naziri vəzifəsinə namizəd irəli sürmək və partiyanın növbədənkənar qurultayını çağırmaq səlahiyyəti alması hakimiyyəti saxlamağın prioritet vəzifə olmasından xəbər verir.
İvanişvilinin digər motivi Gürcüstan siyasətində rəsmi status əldə etməklə sanksiyalardan yayınmaq istəyi ola bilər. Baxmayaraq ki, müxalifət iqtidara gələrsə, onu toxunulmazlığından məhrum etməyə nə mane olacaq? Bu faktor, yeri gəlmişkən, bu yaxınlarda hakimiyyətin itirilməsi halında özünün taleyinin qayğısına qalan Belarus rəhbəri Aleksandr Lukaşenko tərəfindən unuduldu.
Lakin Avropa İttifaqına (Aİ) üzvlük prosesini ləngitmək üçün təsir rıçaqlarının əldə edilməsi heç də açıq-aşkar deyil və bu, İvanişvilinin Kreml ağaları üçün son dərəcə arzuolunmazdır. Gürcüstana namizəd ölkə statusu verilərkən Brüsselin “de-oliqarxizasiya”ya tələbini nəzərə almaq lazımdır ki, bu da şəxsən İvanişvilinin özünün maraqlarına köklü şəkildə ziddir.
Aydındır ki, Gürcüstanın daxili siyasətinə düzəlişlər edən və Gürcüstan hökumətinin tələsik, xaotik hərəkətlərini şərtləndirən Rusiya-Ukrayna müharibəsi və onun yaratdığı geosiyasi nəticələr oldu.
Azərbaycan
Bir aydan sonra növbədənkənar prezident seçkilərinin keçiriləcəyi Azərbaycanda da bundan az maraqlı omayan proseslər getdiyindən xəbər verir. Yeni seçkinin səbəblərini ancaq təxmin etmək olar, lakin regiondakı vəziyyətlə əlaqələndirməmək olmaz. Azərbaycan rəhbərliyinin növbədənkənar dövlət başçısı seçkilərinin keçirilməsi ilə bağlı qərarının əsl motivləri bəlli olmasa da, nəticə birmənalıdır – regiondakı siyasi proseslər, o cümlədən ölkə üçün qarşıdan gələn taleyüklü proseslər nəzərə alınaraq belə bir qərar qəbul edilib. Böyük Sülh Müqaviləsinin imzalanması və kommunikasiyaların və işğaldan azad edilmiş ərazilərin bərpası üçün sonrakı proseslər mütləq şəkildə nəzərə alınıb. Regionda güclü, gözlənilməz təlatüm şəraitində planlaşdırılan bütün layihələri həyata keçirmək üçün ölkəyə təbii ki, gələcək çağırışlara cavab verə bilən sabit, xalq tərəfindən seçilmiş hökumət lazımdır.
Ermənistan
Ermənistana gəlincə, Nikol Paşinyanın hakimiyyətinə, “küçədən gələn” Ermənistanın Baş nazirini heç vaxt qəbul etməyən Vladimir Putinlə şəxsi münasibətləri çətinləşdiyinə görə təhdidlər səngimir. Ölkənin keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın simasında kremlpərəst müxalifət Paşinyanın əsas rəqibləri olaraq qalır, lakin buna baxmayaraq, Paşinyan növbədənkənar seçkilərin təyin edilməsi ilə istefa verməyə və hətta sarsıdıcı məğlubiyyət və “Artsax”ın itirilməsi fonunda belə, qalib gəlməyə güc tapa bilər – 2021-ci ildə olduğu kimi.
İndi isə Nikol Paşinyan yeni il ərəfəsində yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsi mövzusunu informasiya məkanına atıb, hakim “Mülki müqavilə” partiyasını hədələyib: “Əgər məbur etsəniz, mən yeni seçkilər keçirəcəm. Yenidən seçildiyim təqdirdə parlamentin hazırkı görkəmini tamamilə dəyişdirəcəyəm və oraya tamamilə yeni müxalifət gətirəcəyəm”.
Təbii ki, bir daha Baş nazir kreslosuna yiyələnməmək riski var, lakin o, hakimiyyətə gəldikdən təxminən 6 il sonra ermənilərin mənlik şüurunu tamamilə dəyişdirə, Rusiyadan əks istiqamətə çevirə bildi. Təbii ki, həm korrupsioner Ermənistan hakimiyyəti, həm “Qarabağ klanı”ndan olan adamlar, həm də Paşinyanı sıradan çıxarmaq üçün “Artsax”ı riskə atan Rusiya hakimiyyətinin özü də rol oynadı. Amma nəhayət ki, parlamentdəki kremlpərəstlərdən qurtulmaq və yelkənləri açıb Qərb üçün kurs qurmaq imkanı da var.
Beləliklə, Cənubi Qafqaz respublikalarının hər birində katalizatoru Rusiya-Ukrayna müharibəsi olan taleyüklü institusional siyasi proseslər gedir. Bölgənin gələcək təhlükəsizliyi bu müharibənin nəticəsindən asılıdır. /Ayna.az