Gürcüstanda hakimiyyət dəyişikliyi – Sürpriz isim sükan arxasına keçir

 

Gürcüstana Avropa Birliyi üzvlüyünə namizədlik statusunun verilməsi dönüş nöqtəsi deyil.

Bunu gürcü politoloq Gela Vaşadze deyib.

“Bu məslədən danışarkən “dönüş” sözünü işlətməzdim. Bu il Gürcüstanda seçki ilidir, həm dünyada, həm də regionda vəziyyət idealdan uzaqdır. Qonşu regionlarda dünyanın ən böyük iki hərbi münaqişəsi var: Şərqi Avropada (Ukrayna) və Yaxın Şərqdə (Qəzza, Suriya). Cənubi Qafqazda isə siyasi məkanda islahatlar gedir, hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yoxdur, iki bölgəmiz işğal altındadır. Qlobal və regional oyunçular regionda öz fəaliyyətlərini davam etdirirlər ki, bu da əlavə risklər yaradır. Bunun fonunda Gürcüstanda çox zəif müxalifət və bir nəfərə – Bidzina İvanişviliyə əsaslanan hakimiyyət sistemi var. Bəllidir ki, bu durumda heç nəyi proqnozlaşdırmaq mümkün deyil”, – ekspert bildirib.

Vaşadze siyasətə qayıdan İvanişvilinin yenidən Gürcüstan baş naziri və prezident seçilmə ehtimalına və ona hakim “Gürcü Arzusu” Partiyasında yeni səlahiyyətlərin verilməsinə toxunub:

“Buna ehtiyac yoxdur, çünki İvanişvili artıq Gürcüstanın siyasi sistemində mərkəzi yer tutur. Ona nə üçün əlavə rəsmi səlahiyyətlərin verilməsinə gəlincə, çox güman ki, bu, xarici amillərlə əlaqəlidir, daha dəqiq desək, xarici qüvvələrin formal hakimiyyət rıçaqlarının olmamasından istifadə edib onu real təsir rıçaqlarından məhrum etmələrinin qarşısını almaq üçündür. Hər kəs xarici qüvvələrin altında ola bilər: amerikalıların, rusların, çinlilərin… O, qətiyyən prezident olmayacaq, yalnız zəruri hallarda baş nazir olacaq”.

Ekspert hazırkı Baş naziri İrakli Qaribaşvilinin dəyişməsi, yerinə Tiflis meri Kaxa Kaladzenin keçməsi ehtimalı ilə bağlı bildirib:

“Baş nazirin dəyişməsi ehtimalı çox böyükdür, bu, artıq yetişib. Bunun seçkilərdən əvvəl və ya sonra olacağı xarici amillərdən asılıdır. Kaladzenin namizədliyinə gəlincə, bu, çətindir. Birincisi, Kaladze paytaxtın seçilmiş meridir, getsə, yeni seçkilər keçirilməlidir. İkincisi, Kaladze az-çox müstəqil siyasətçidir və onu təyin etməklə İvanişvili hakimiyyəti itirmək riski daşıyır. Belə bir ssenarini istisna etmək olmaz, amma Kaladzenin təyinatı fors-major haldır”.

Vaşadze Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını da iddia edir:

“Sülh müqaviləsinin imzalanması mümkündür, amma unutmayaq ki, onun imzalanması Ermənistan və Azərbaycan xalqlarının çox mürəkkəb barışıq prosesinin yalnız başlanğıcıdır. Bu, onilliklər olmasa da, illər çəkəcək. Amma istənilən yol ilk addımdan başlayır və onu atmaq lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password