Səbinə Əliyeva: “ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatı qərəzlidir”
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin hazırladığı dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının adını dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli sayır.
Ombudsman açıqlamasında Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslərin sülh və mehribanlıq şəraitində yaşadığını bildirib:
“Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanmış və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin demək olarki, olmaması da bu faktın bariz göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik”.
S.Əliyeva hesabatda Azərbaycanla bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib sayır: “Bununla yanaşı hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, o cümlədən hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha xatırlatmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir”.
“Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmini edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq. Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir”, – o qeyd edib.