Ermənistana hücum olsa, İran ordu göndərəcək? – Şafiyi
İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir.
Bu sözləri İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətullah Şafiyi erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır:
“Bildiyim qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”.
Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.
Ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını da vurğulayıb:
“İran əsgərləri heç vaxt başqa ölkədə – husilərin vuruşduğu Yəməndə, o cümlədən Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyat məlumatından gedir, lakin İran ordusu özü döyüşmür. Ona görə də Bakıdan Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.
Buna baxmayaraq, ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib: “Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”./axar.az