Sərhəd rayonlarının polis rəislərini kimlər və niyə hədəfə çeviriblər?

 

Ötən il Yardımlı və Lerik rayonlarına təyin olunan polis rəisləri – Rauf Babaşov və Ramil Mustafayev son vaxtlar bəzi dairələrin hədəfinə çevrilib. Ona görə ki, hər iki polis rəisi barədə şantaj, şər və böhtan tipli məlumatlar dövriyyəyə buraxılmaqdadır. Bunun səbəblərini, həmin kampaniyaların nə üçün baş verdiyini araşdırdıqda, tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, istər Rauf Babaşov, istərsə də Ramil Mustafayev təyin olunduqları vaxtdan yeni xidmət yerlərində nizam-intizamı gücləndirməklə bərabər, tabeliklərində olan daxili işlər orqanları əməkdaşlarının vəzifə səlahiyyətlərini tam şəkildə icra etmələrinə nail olublar.

Məsələn, keçən ilin fevralında Yardımlıya təyinat alan Rauf Babaşovun rəhbərliyi altında rayonda narkotiklərə və narkomaniyaya, habelə digər cinayət əməllərə qarşı mübarizə, eyni zamanda yol hərəkətinin təşkilindən tutmuş ən xırda məişət pozuntularına qədər polisin görməli olduğu işlər layiqincə yerinə yetirilib. Xüsusilə rayonda narkomaniyaya qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə icra olunub. Ucqar dağ kəndlərində belə polis tərəfindən narkomaniya və erkən nikahlara qarşı maarifləndirici tədbirlər keçirilib.

Yol hərəkətinin təşkili üzrə tədbirlərə gəlincə, işıqforsuz rayon kimi tanınan Yardımlının yollarında 3 radar qurğusu quraşdırılıb və digər işlər görülüb. İndiyə kimi rayon ərazisində sənədsiz avtomobil sürənlərlə yanaşı, avtoxuliqanlıq etmək istəyənlərə qarşı qanuni tədbirlər buna misal ola bilər.

Həmçinin, Yardımli Rayon Polis şöbəsinin inzibati binasi təmir olunub və şöbəyə gedən yollar asfaltlanıb. Polis əməkdaşlarının normal xidmət etməsi üçün rəis tərəfindən lazımi şərait yaradılıb. Şöbənin qarşısında nəzarət buraxılış məntəqəsi açılıb. Son bir ildə görülən işlər adi gözlə belə müşahidə olunur.

Ən əsası isə qonşu İranla dövlət sərhədinin on kilometrlərlə xətti keçən Yardımlı rayonunun ərazisindən narkotranzit imkanları polis tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Məhz bütün bu səbəblərdən Azərbaycana qarşı “hibrid müharibə” aparan qüvvələr tərəfindən Yardımlının yeni polis rəisinin hədəfə götürüldüyünə şübhə yoxdur. Buna görə də, demək olar ki, xarici xüsusi xidmət orqanlarına qulluq edən şəxslər tərəfindən bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə Rauf Babaşovla bağlı şər və böhtan kampaniyasının aparılması təsadüf deyil. Bu çirkin kampaniyanı aparan şəxslərin kimliyi araşdırıldıqda, onların bu və ya başqa şəkildə Azərbaycan xalqını zəhərləyən qüvvələrin əlində istifadə edildiklərinə, alət rolunda çıxış etdiklərinə əminlik yaranır.

Eyni vəziyyət Lerikin yeni polis rəisi ilə bağlı da yaşanır. Ramil Mustafayev rayona təyinat alan kimi, Lerikdə qayda-qanun yaratması bəzi dairələri hiddətləndirib. Lerik şəhərində asayişin tam şəkildə təmin olunması, yol hərəkətinin yüksək səviyyədə təşkil olunması, ipə-sapa yatmayan “oliqarx”ların cəzalandırılması polis rəisini bəzi qüvvələrin hədəfinə gətirib çıxarıb. Maraqlı məqamlardan biri də odur ki, həmişə sosial şəbəkə hesablarında, İran başda olmaqla, Azərbaycana qarşı düşmən olan ölkələrin təbliğatını aparan şəxslər Ramil Mustafayevi sərt tənqid etməyə başlayıblar. Görünür, polis rəisinin Lerikdə qayda-qanun yaratması, əhali arasında maarifləndirici tədbirlər keçirməsi bəzi dairələri narahat etməyə başlayıb.

Hər iki sərhəd rayonun polis rəislərinin şər-böhtan hədəfinə çevrilmələri, sözsüz ki, təsadüf deyil. Görünür, sərhəd rayonlarında polisin əməliyyat şəraitinə tam nəzarət etməyə başlaması xaricdən idarə olunan dairələrin merkantil maraqlarını təhlükə altında qoyduğundan sosial şəbəkələrdə daxili işlər orqanlarının vəzifəli şəxslərinin gözdən salınması üzrə kampaniya aparmaq əmri veriblər.

Bütün bunlara baxmayaraq, istər Yardımlı, istərsə də Lerik sakinlərinin əksəriyyəti, şöbə müdirləri başda olmaqla, polisin son bir ildə gördüyü işləri təqdir edir, bu tədbirlərin davamlı olacağına ümid edirlər.

Orxan Məmmədli

Aztoday.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password