Azərbaycanın qiymətli kağızlar sektoru 2023-cü ildə – İCMAL

 

2023-cü ili Azərbaycanın qiymətli kağızlar sektoru üçün mühüm il saymaq olar.

İl ərzində “Bakı Fond Birjası” QSC-nin (BFB) və Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi dəyişdirilib. Hər iki qurumun həm İdarə Heyəti, həm də Müşahidə Şurası yenidən formalaşdırılıb.

Bundan başqa, ötən il BFB-nin və MDM-in sistemləri yenilənib. Maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri – “Montran” şirkəti ilə birlikdə yaradılmış Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar Platforması (CEDAR) istifadəyə verilib.

Hesabat dövründə Azərbaycan Mərkəzi Bankı (AMB) heç bir investisiya şirkətinə lisenziya vermədi, yeni yaradılmış “Novocapital İnvestisiya Şirkəti” QSC-nin lisenziya alması isə 2024-cü ilə qaldı. Bundan başqa, AMB-nin investisiya fondlarının idarə edilməsi ilə məşğul olan “İnvestAz Asset Management” MMC-yə verdiyi lisenziyanın müddəti başa çatıb. Bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı birə düşüb. Hazırda bu sahə üzrə yalnız “AzFinance Asset Management” MMC lisenziyaya malikdir. Həmçinin, il ərzində “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisinin dəyişməsi (“Bank BTB” ASC-nin onu satması) ilə əlaqədar adını “Assist Finance İnvestisiya Şirkəti”nə dəyişib.

2023-cü il Azərbaycanda səhm və istiqraz emissiyalarının reallaşdırılması baxımından aktiv il olub. Həm maliyyə, həm də qeyri-maliyyə təşkilatları kapital bazarı vasitəsilə nizamnamə kapitallarını artırıb, həm də borc alıb. Bu baxımdan Asiya İnkişaf Bankının ötən il ərzində iki dəfə (8,4 milyon manata və 14,5 milyon manata) milli valyutada istiqraz buraxması, eləcə də dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 100 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirməsi xüsusi qeyd olunmalıdır. Bununla da, Azərbaycanda istiqraz buraxmış dövlət şirkətlərinin sayı Dövlət Neft Şirkəti (SOCAR) və “AzerGold” QSC ilə birlikdə üçə çatıb. Bu arada, AMB dövlət istiqrazları üzrə qiymətləndirilən gəlirlilik əyrisini açıqlamağa başlayıb.

Ötən ilin yekunlarını “Report”a ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini, Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova şərh edib:

“2023-cü ili kapital bazarı iştirakçıları üçün infrastrukturun təkmilləşdirilməsi ili saymaq olar. Ötən il bazarda qeyri-adi sıçrayışıar qeydə alınmayıb. Əməliyyatların böyük hissəsi dövlət qiymətli kağızları ilə aparılıb. Hesab edirəm ki, bu il bazar inkişafa daha meylli olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password