Türkiyə ilə bağlı qərar dəyişdi: Dayandırıldı – Hakan Fidan dərhal mesajını verdi
İsveçin NATO-ya üzvlük müraciətinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsi dünya mediasında geniş işıqlandırılıb.
Müraciətin Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilməsi İsveç və NATO tərəfindən müsbət qarşılanıb.
Dünya mediası son qərarın TBMM-də veriləcəyini vurğulayarkən, bütün gözlər İsveçin NATO üzvlüyünə etiraz edən digər ölkə Macarıstana çevrilib.
“The New York Times” qəzeti İsveçin NATO üzvlüyünə bir addım daha yaxınlaşdığını vurğulayıb. “Guardian” Türkiyənin İsveçin üzvlüyünə “yaşıl işıq” yandırdığını, amma nəticənin parlamentdəki səsvermədən asılı olduğunu yazıb.
“Bloomberg”ə görə, Türkiyə İsveçin qarşısında duran son maneələrdən birini də qaldırıb.
“Al Jazeera” 19 aylıq gecikmədən sonra İsveçin alyansa qoşulmağa bir addım da yaxınlaşdığını və bunun ittifaqın genişləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
Türkiyənin NATO-ya üzvlük tələblərini qəbul edən İsveçdən müsbət addımlar gəlməkdə davam edir. İsveç “Kürd Qızıl Ayparası” adı altında PKK terror təşkilatı üçün pul toplayan bir dərnəyin bank hesablarını bağlayıb.
Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktaya görə, İsveç hökumətinin atdığı addımlar qənaətbəxşdir: “Nəhayət, “Kürd Qızıl Ayparası” adlı terror təşkilatının maliyyə mənbələrinin qarşısının alınması və fəaliyyətinin dayandırılması müsbət haldır”.
Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar da İsveçin müdafiə sənayesi məhsullarına qoyulan embarqonu ləğv etdiyini açıqlayıb.
Xarici işlər naziri Hakan Fidan da ABŞ-nin istəyi ilə həmkarı Entoni Blinkenlə telefonla danışıb. Fidan F-16 satışı ilə bağlı ABŞ administrasiyası və Konqresinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini gözlədiklərini deyib. Türkiyənin baş diplomatı İsveçin üzvlük prosesinin TBMM-in məsuliyyəti altında davam etdiyini söyləyib.