İrəvan 2 milyardlıq silah alır: pulu kim ödəyir?

 

Ermənistan hər zaman dövlət kimi başqalarının himayəsində yaşamağa öyrənib. 30 illik “müstəqillik” dövründə rəsmi İrəvan Moskvanın forpostu idi, indi isə başqalarının himayəsinə keçir.

Bu sözləri Ermənistanın 2020-2025-ci illər üçün silah alınmasına ayırdığı 2 milyard dollardan çox vəsaitin mənbəyi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

“Paşinyan hökumətinin Hindistan və Fransadan aldığı silah-sursat və hərbi texnikanın pulunu ödəyəcək durumda olmadığı hamıya aydındır. Ona görə də zaman keçdikcə Ermənistan sözügedən ölkələrin forpostuna çevriləcək. Ancaq Rusiya heç vaxt buradan əl çəkməyəcək. Balansı qorumaqla eyni vaxtda bütün ölkələrin marağını təmin etmək çox çətin olduğuna görə qarşıdakı bir neçə il ərzində biz Ermənistanın beynəlxalq güclərin rəqabət meydanına çevrildiyini görəcəyik”, – siyasi şərhçi bildirib.

Professor Qabil Hüseynli diasporun və AB-nin Ermənistanın silahlanmasındakı roluna diqqəti çəkib:

“Fikrimcə, silahların və artilleriya sistemlərinin alınmasının bir qismi erməni diasporu tərəfindən maliyyələşdirilir. Vəsaitin geri qalanı isə AB tərəfindən, xüsusilə Fransadan yardım adı altında, eyni zamanda dolayı yolla və qeyri-qanuni vasitələrlə təmin olunur. Məqsəd isə balans yaratmaq yox, Ermənistanı hərbi cəhətdən gücləndirmək, bu yolla Cənubi Qafqazda nüfuz dairəsi əldə etməkdir”.

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında Rusiyanın bu yolla silah embarqosundan yayındığını bildirib:

“Məncə, silahlanmaya xərclənən pullar Ermənistanın yox, Rusiyanın sanksiyalar səbəbindən Hindistanda ilişib qalmış vəsaitidir. Silah-sursat və hərbi texnika Hindistandan alınır, İran və Ermənistan üzərindən Rusiyaya daşınır”.

Qeyd edək ki, Ermənistanın 2020-ci ildən başlayaraq, aldığı və alacağı silahlara və hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin 2 milyard dolları keçəcəyi gözlənilir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password