Ceyhun Bayramov: “Azərbaycan-Fransa münasibətləri son 30 ildə ən aşağı səviyyədədir”
Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə ən aşağı səviyyədədir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, bunun səbəbkarı Azərbaycan olmayıb: “Fransaya qarşı addım atmaq istəməmişik. Əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olmuşuq”.
Nazirin sözlərinə görə, Fransanın mövqeyi həmişə ermənipərəst olub: “Fransa ermənipərəst mövqeyini gizlədə bilmir, əksinə, bunu açıq göstərir. Fransa artıq anti-Azerbaycan mövqe sərgiləyir. Onun ermənipərəst mövqeyi Azərbaycanofob və anti-Azərbaycan mövqe ilə əvəzlənib”.
Azərbaycanda Fransa şirkətlərinə məxsus olan biznesə gəlincə, C.Bayramov vurğulayıb ki, məsələləri bir-birinə qarışdırmaq doğru deyil. Onun sözlərinə görə, Fransa şirkətlərinin fəaliyyəti müqavilə əsasında tənzimlənir: “Orada tərəflərin öhdəliyi nəzərdə tutulur. Xarici şirkətlər Azərbaycana 100 milyardlarla dollar investisiya qoyublar, onlar burada çalışır və gəlir əldə edirlər. Ancaq buna uyğun olaraq onların öhdəlikləri də var. Bu öhdəliklər müqavilələrdə nəzərdə tutulmuş maddələrə əsasən tənzimlənir. Ona görə də burada ciddi risk görmürəm”.