Aylardır Putinlə görüşdən qaçan Paşinyan niyə Sankt-Peterburqa getdi?
Ötən gün bir sıra ölkələrin diqqəti Sankt-Peterburqa yönəlib. Buna səbəb dekabrın 25-26-da sözügedən şəhərdə MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısının keçirilməsidir. İclasda Ermənistanın baş naziri Paşinyan da iştirak edib. Onun uzun müddət sonra Rusiyanın təşkil etdiyi iclasa qatılması günün əsas müzakirə mövzusu olub.
Bəs Paşinyan niyə uzun müddət sonra Putinlə görüşə getdi?
Əvvəla Ermənistan Rusiya bazarından asılıdır. Onun iqtisadi cəhətdən alternativi yoxdur. Bundan əlavə Sankt-Peterburqda Aİİ və İran arasında azad ticarət sazişinin imzalanacağını nəzərə alsaq İranla münasibətlərin qorunub saxlanılmasını Paşinyanın səfərinin əsas məqsədlərindən biri hesab etmək olar.
Erməni siyasi analitik Tevos Arşakyan Moskvanın Paşinyanı qorxutduğunu söyləyib: “İrəvan hakimiyyəti təhdidlərə tab gətirməyərək, Rusiyaya getdi. Bəs Moskva Paşinyanı nə ilə bu qədər qorxutdu ki, o, Putinə baş əyməyə tələsdi? Kreml Nikolu başqa hansı qarmaqlarla saxlayır? Elə görünürdü ki, “artsaxın” itirilməsindən sonra Rusiyanın İrəvan üzərində heç bir təsirli rıçağı yoxdur. Ölkə iqtisadiyyatı Rusiya asılılığından qurtulur, üstəlik, iqtisadiyyat yüksəlir. Bəs ruslar Paşinyanı nə ilə təhdid edib qorxudur? Doğrudanmı o, beşinci kolondan qorxur?”
Paşinyanın demək istədikləri…
Paşinyanın çıxışı bir növ sensasiya yaradıb. O çıxışı zamanı “Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik” adlandırıb və qeyd edib ki, “Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdırlar”. Görünür Paşinyan Qərbə mesaj verir. O demək istəyir ki, Rusiyaya qarşı mövqeyindən imtina etməyib, sammitə isə iqtisadi əməkdaşlığa görə gedib.
Paşinyanın çıxışı tanınmış ekspertlər tərəfindən müxtəlif formalarda şərh edilib. Rusiyayönlü erməni bloger Mika Badalyan düşünür ki, Paşinyan çıxışı ilə siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərib, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırıb.
Erməni politoloq Suren Surenyantsın fikrincə Paşinyan fəlakətə səbəb olacaq qumar oynayır. “Joxovurd” yazır ki, Kreml Paşinyanın Rusiyaya səfərini gözləyirdi, çünki onların Nikola çoxlu sualı var və Putin şəxsən ondan cavab almalıdır. Rusiya hakimiyyəti bu dəfə çox ciddidir, Paşinyandan növbəti qeyri-müəyyən bəyanat deyil, ölkələr arasında əməkdaşlıq və son dərəcə gərgin münasibətlərlə bağlı suallara aydın və konkret cavablar tələb edəcək.
Paşinyana ən yaxşı cavabı Belarus prezidenti Lukaşenko verib. O, üstüörtülü şəkildə Paşinyana mesaj verərək onu düzgün yola çəkməyə çalışıb: “Fransa nəsə etməyə çalışır. Siz görürsünüz ki, Fransada nələr baş verir: gərək öz evlərində bunları həll etsinlər, sonra Qafqaza girsinlər”. Yəni, Lukaşenko Paşinyanı başa salmağa çalışdı ki, Fransaya çox bel bağlasa, həm iqtisadi baxımdan, həm də ümumi mənada məhv olacaq. Bunu bir növ Lukaşenkonun Paşinyanı mədəni şəkildə hədələməsi kimi də qiymətləndirmək olar./milli.az