İrəvan 700 km mənzilli raket alır: təhlükə… – Polkovnik

 

Hindistan Ermənistana vermək istədiyi “BrahMos” qanadlı raketlərini Rusiya ilə birgə istehsal edir.

Bu sözlər Hindistanın Ermənistana satmaq istədiyi “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketinin xüsusiyyətləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik “BrahMos”ların daha çox hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu bildirib:

“Raket ilk dəfə sualtı qayıqlardan atılmaq üçün hazırlanıb. Sonradan isə həm qurudan, həm də döyüş təyyarələrindən atıla bilən versiyaları da istehsal olundu. Fikrimcə, Ermənistan bunların quru versiyasını alacaq. Çünki İrəvanın əlindəki döyüş təyyarələrinin ağırlığını nəzərə alsaq, hava versiyasının satın alınması mümkün görünmür. “BrahMos”ların quru versiyası ən uzaq uçuş mənzilinə sahibdir. Bu, təxminən 700 km-ə, havadan yerə olanlarda isə 350-400 km-ə çatır. Həssas izləmə və hədəf təyinetmə sisteminə malikdir. Klassik döyüş başlığı ilə rahat şəkildə bir hərbi hissəni və s. vurmaq mümkündür”.

Sadiq Akyarın sözlərinə görə, “Pralay” yaxınmənzilli ballistik raketi taktiki xarakterlidir:

“Uçuş məsafəsi 150-500 km arasındadır. Həm “BrahMos”, həm də “Pralay” SSRİ dövründə istehsal edilən “Skad” taktiki ballistik raketlərinin müasir versiyalarıdır. Yəqin ki, Ermənistan bunları alaraq əlindəki köhnə “Skad”ların yerinə istifadə etmək niyyətindədir. Əlbəttə, alındığı halda bu raketlər Ermənistanın yaxınmənzilli ballistik raket ehtiyacını qarşılayacaq, əlini gücləndirəcək. Ancaq logistika, təchizat və peşəkar mütəxəssis ehtiyacını nəzərə alsaq, “BrahMos” və “Pralay”ların Ermənistan ordusuna mənfi təsirləri də olacaq. Hər halda İkinci Qarabağ müharibəsindən sonra Hindistan və Fransa Ermənistana silah-sursat və hərbi texnika tədarükü baxımından önə çıxır, orduda isə Rusiya silahları say baxımından üstünlük təşkil edir. Bu qədər silah-sursatın, hərbi texnikanın yalnız balans yaratmaq üçün Ermənistana verilməsi ağlabatan deyil. Bütün ehtimal və ssenarilərə hazır olmalıyıq”.

Qeyd edək ki, Hindistanın “Indian Defence Research Wing” portalı ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb. Bununla yanaşı, indiyə kimi Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib. Digər tərəfdən 2022-ci ildə ölkələr arasında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bunlarla bərabər Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi – ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password