Bu insanlar Qarabağdakı boş evlərə nə vaxt köçürüləcək?
Dünən Xankəndidə Prezidentin iştirakı ilə qələbə sevincini yenidən yaşadan əlamətdar hadisə baş verdi. Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”ın MOİK-lə Xankəndidə qarşılaşması baş tutdu. Bu sevincin miqyasını dəfələrlə artırmaq olardı – əgər Xankəndiyə 5 ailə qaytarılsaydı.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib ki, Ermənistan baş naziri ayda bir dəfə parlamentə gedib, sülh danışıqları barədə deputatları məlumatlandırır:
“Biz baş nazirə əziyyət verməyək. Heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq, bizi məlumatlandırsın. Biz də öyrənək ki, zirzəmilərdə yaşayan, evləri ermənilər tərəfindən dağıdılmış soydaşlarımız Qarabağda boş qalmış evlərə nə vaxt köçürüləcək. Bizim centlmenliyimiz nə vaxtadək davam edəcək? Başqa səbəb varsa, onu da bilək. Çünki insanlarımız bu barədə yazır, bizdən soruşur. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı? Kənddə yaşayanların həyatyanı təsərrüfatı olacaqmı ki, ev heyvanları, quşlar saxlasınlar, meyvə-tərəvəz yetişdirsinlər. Digər bölgələrdə olduğu kimi, Qarabağda da torpaq islahatı aparılıb, kəndlilərə torpaq paylanılacaqmı? Qarabağda “ağıllı kənd” adı ilə indi tikilənlər şəhər tipli qəsəbələrdir. Onu da soruşmaq lazımdır ki, Qarabağda yaşamış və köçmüş ermənilər Azərbaycan vətəndaşlarını qəbul edərlərsə, onlara Azərbaycan pasportu veriləcəksə, niyə iş dalınca vətəni tərk etmiş soydaşlarımıza bu hüquq tanınmır? Onların pasportları dəyişdirilmir, yaxud pasport verilmir. Hesab edirəm ki, qanunvericilik qaydasında bu məsələ də öz həllini tapmalıdır”.