YAP üçün seçkidə yeni mərhələ: Hakim partiyaya imza vərəqələri paylanılacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 19-da keçirilən iclasında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bununla yanaşı, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkisindəki səlahiyyətli nümayəndəsi kimi təsdiqlənib.
Bundan sonrakı prosesdə YAP-a imza vərəqələri təqdim ediləcək. Bu, Seçki Məcəlləsinin 53.6-cı maddəsinin tələbindən irəli gələn prosedurdur.
Seçki Məcəlləsinin 53.6-cı maddəsinə əsasən, müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə beş gün müddətində baxır. Daha sonra namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.
Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.
Seçki Məcəlləsinin 56, 57, 181-ci maddələrinə əsasən, bundan sonra seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanmasına başlanılır.
Qeyd edək ki, eyni prosedurlar digər şəxslərin də namizədliyi təsdiq edildikdən sonra onlara şamil olunacaq.
Bildirək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.