Qərbin Ermənistan üzərindən Rusiya və İrana qarşı kartı: Azərbaycanın davranış tərzi
Avropa İttifaqı Ermənistandakı missiyasının sayını 138-dən 209-a çatdırmağı qərarlaşdırıb.
Ermənistanla Avropa İttifaqının bu razılaşması Qərbin iki fiquru – ABŞ və Fransanın gizli gündəliyinin növbəti təzahürü kimi başa düşülə bilər. Hərçənd ki, ABŞ-nin məntiqi daha çox Rusiyanın sıxışdırılmasına, Parisin isə zəkası anti-Azərbaycan marşrutunun genişlənməsi üçün çalışır.
Ancaq hər halda, Aİ-nin Vaşinqton və Parisin çətiri altında Ermənistandakı missiyasını genişləndirməsi İrəvanı Rusiya ilə daha təhlükəli və gərgin cəbhə xəttinə yaxınlaşdırır.
Qərb-Ermənistan ittifaqının Rusiyaya qarşı əhvali-ruhiyyəsi regional oyunçu olan İranın da maraqları üçün xoş niyyət ifadə etmir.
Deməli, Ermənistan Qərbin açdığı qucağa doğru sığındıqca, onun Moskva ilə yanaşı, Tehranla da münasibətləri əvvəlki illərə nisbətən faciəli bir trayektoriyaya daxil olacaq.
Hesablama aparmaq mümkündür ki, Qərb Ermənistana təhlükəsizlik yardımları vəd edərək onu şirnikləndirməyə davam edəcək. Bunun əvəzində İrəvan qarşısına tələb qoyulacaq ki, o, regiondakı siyasi tədbirlər paketini Rusiya və İrana qarşı sistemli bir vəziyyətə gətirsin.
Əks-həmlə cavablarına gəlincə, Rusiya Ermənistana qarşı qiymətləndirmələrinə çoxdan başlayıb.
İranın isə gündəliyindəki İrəvan mövzusunun aktuallığını itirməsi Tehranın Azərbaycan, Türkiyə və Rusiya ilə hansı formada razılıq əldə edəcəyindən asılıdır.
Ermənistandakı Avropa İttifaqı missiyasının say tərkibinin artırılmasının geosiyasi baxımdan Qərbin uzaqgörən planıdır, hərçənd ki, Rusiya bunu öz hərəkətləri ilə birdəfəlik tarixin arxivinə yollamaqda israrlı görünür.
Rusiya böyük bir şövqlə bu planına İranı da şərik qoşacaq və Ermənistanın Qərblə ittifaq qurmaq səylərini müxtəlif variantlarla pozmağa çalışacaq.
Gözlənilən belə bir hərəkət Rusiya-Ermənistan gərgin münasibətlərinin siyasi-diplomatik masada deyil, poliqonda həll olunacağı günü sürətlə yaxınlaşdırır.
Yox, Ermənistan Qərblə Rusiyanın rəqabətinin arasında əhəmiyyətli bir tarazlıq yaratsa, onda regional mühit də təhlükəli həddən uzaqlaşacaq.
Azərbaycana gəlincə, o, regional gərginliyin mümkün təhlükəli fazasını Bakı-İrəvan sülh gündəliyinə təsirləri fonunda qiymətləndirir.
Yəni Ermənistan Qərblə dərinləşən münasibətlərini Azərbaycana qarşı hibrid müharibəyə çevirməyə cəhd etsə, onda Bakının ata biləcəyi addımların sərtliyi görünəcək.
Hələlik, Azərbaycan Ermənistanın Rusiya ilə qeyri-funksional münasibətlərini və bölücü məqamları alovlandırmasından o qədər narahat görünmür.
Əksinə, Bakı İrəvanla sadəcə ikitərəfli formatda açıq qalan məsələləri yoluna qoymağa çalışır və bunun ilkin əlamətləri ürəkaçan görünür. Bunun davamlı olmasını proqnozlaşdırmaq isə çətindir, çünki Ermənistan Qərbin regional genişlənməsinə şərait yaradadır.
Qərbin isə bəzi dairələri Azərbaycana qarşı müqavimət oxunun mərkəzində erməni amilini qabardır ki, bu, Bakı-İrəvan gündəliyinə neqativ təsir edən məqamlardandır.