60 milyard əvəzinə 200 milyon dollar… – ABŞ-nin riyakar Ukrayna siyasətinin növbəti təzahürü

 

Ukrayna Rusiyaya qarşı ölüm-dirim savaşı apararkən, onu sonadək dəstəkləyəcəyinə söz vermiş ABŞ, daxili çəkişmələr, “ərköyünlüklər” səbəbindən, eləcə də ümumilikdə Qərb siyasətinin riyakarlığından çıxış edərək Kiyevə lazım olan maliyyə və hərbi yardımı təxirə salmaqla məşğuldur. Belə görünür ki, Prezident Volodimir Zelenskinin ABŞ-yə təcili səfəri də vəziyyəti düzəldə və Ukraynaya 60 milyard dollarlıq yardımın ayrılmasını tezləşdirə bilməyib…

Zelenskinin səfərilə bağlı “Politico” nəşrində dərc edilən yazıda Ukraynaya maliyyə yardımı məsələsinə dair pessimist proqnozlar yer alıb. Qəzet yazır ki, Bayden növbəti dəfə Rusiya ilə müharibədə Ukraynaya dəstəyin davam etdirilməsini qətiyyətlə müdafiə edib. Lakin bu xətti davam etdirə biləcəyinə həmişəkindən daha az əmin görünüb: “Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında dayanan Bayden Ukrayna xalqının iki illik amansız müharibədən sağ çıxmasını “böyük qələbə” kimi qiymətləndirib. O, Ukraynanın son nəticədə qalib gələcəyinə tam əmin olduğunu bildirib və Ağ Evin tərəfdaşlığa sadiq qalacağına söz verib. Bununla belə, Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə milyardlarla dollar ayrılması məsələsində respublikaçıların müqaviməti ilə üzləşən Bayden Zelenskiyə istədiyi əsas şeyi – qəti vədi verə bilmədi. 

Bayden dedi: “Biz lazım olan maliyyəni əldə etmək üçün danışıqlar aparırıq. Mən vədlər vermirəm, amma ümid edirəm ki, biz buna nail olacağıq – məncə, bacaracağıq”.

Bayden ABŞ-nin Ukraynanı “bacardıqca” hava hücumundan müdafiə, artilleriya və digər silahlarla təchiz edəcəyini söylədi. Ancaq bu, daha əvvəl Vaşinqtonun səsləndirdiyi “nə qədər lazımdırsa, o qədər Kiyevlə yanaşı dayanacağıq” vədindən çox fərqlənir.

Ümumilikdə dekabrdakı əhval-ruhiyyə Zelenskinin sentyabrdakı səfərindən xeyli fərqlidir, hansı ki, o vaxt Ukrayna Prezidenti Vaşinqtonun daxili problemlərinin onun Ukraynaya dəstəyinə təsir etməyəcəyinə çox ümidli idi.

Nümayəndələr Palatasında və Senatda respublikaçıların əksəriyyəti Ukraynaya daha çox silah göndərilməsinə səs verib. Ancaq əvvəlcə Baydendən daha sərt sərhəd siyasətinə razılıq verməsini istəyirlər. Bununla bağlı danışıqlar isə çətin ki, bu ilin sonuna qədər yekunlaşsın. Nəticədə qanunvericiləri bu həftə ərzində qanunun təsdiqinin zəruri olduğuna inandırmaq üçün Vaşinqtona gedən Zelenski əli boş qaldı.

Bu, Baydenin dünya səhnəsində sərbəst fəaliyyət göstərə bilməyəcəyinə daha bir işarədir. Daxildə qütbləşmiş siyasət onun öz istədiyini etmək qabiliyyətinə xələl gətirir…

Bayden respublikaçıları ABŞ-ni Ukraynanı daha çox silahla təmin edə bilməyəcək vəziyyətə saldığına görə tənqid edib. Prezident Rusiya şərhçilərinin qanun layihəsini gecikdirdiyinə görə respublikaçılara təşəkkür etdiyini xatırladaraq, deyib: “Əgər rus təbliğatçıları sizi tərifləyirlərsə, bəlkə də nə etdiyinizi yenidən düşünməyin vaxtıdır.”

Bayden daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş vəsaitdən Ukraynaya 200 milyon dollarlıq hərbi yardımın ayrılması paketini açıqladı. Bu, Baydenin Ukraynanın Amerika silahları ilə təminatını davam etməyi planlaşdırdığını göstərir. Lakin Zelenskinin Vaşinqtona iki günlük səfərindən sonra sual yarandı: bu tranş sonunculardan birimi olacaq? Məsələ ondadır ki, ABŞ-nin sərhəd məsələsi əsas daxili ziddiyyət mövzusu olaraq qalır. Ukraynanın Senatdakı qatı tərəfdarı olan Mitç Makkonnell çərşənbə axşamı bildirib ki, sərhəd danışıqları ilin sonuna qədər tamamlanmayacaq.

Zelenski çıxışında Ukraynanın Rusiya hərbi gəmilərini özünün Qara dənizdəki ərazi sularından çıxararaq taxıl və polad ticarətini asanlaşdırdığı ilə öyündü.

O, həmçinin Ukraynanın 2022-ci ilin fevralında başlayan işğalın ilk günlərində Rusiyanın zəbt etdiyi torpaqların 50 faizini necə geri aldığını təsvir etdi.

Milli Müdafiə Universitetində çıxış edən Zelenski deyib ki, Kiyevə dəstəyin dayandırılmaması Rusiya Prezidenti Vladimir Putinə müharibədə qalib gəlməyə imkan verəcək. Həmin gün axşam o, bir qrup Vaşinqton analitikinə paytaxtı qorumaq üçün Kiyev ətrafında hava hücumundan müdafiə sistemlərinin yalnız “bir ovuc” olduğunu söylədi. Ukrayna lideri heç olmasa, Xerson və Odessa kimi şəhərləri müdafiə etmək üçün ona daha çox hava hücumundan müdafiə sistemləri lazım olduğunu bildirdi.

Lakin Nümayəndələr Palatasında bir çox mühafizəkar respublikaçılar Ukraynaya əlavə pul ayırmayacaqlarına söz veriblər.

Çərşənbə axşamı Kapitolidə keçirilən bir sıra görüşlərdə Zelenski daha çox yardıma təcili ehtiyac olduğunu vurğulayaraq, münaqişədəki durumu açıqlayıb və ABŞ vəsaitlərinin necə xərcləndiyinə görə cavabdeh olacağını vəd edib. Lakin Zelenski ilə görüşdən sonra Nümayəndələr Palatasının spikeri Mayk Conson öz mövqeyini təkrarladı və bildirdi ki, Ukraynaya istənilən yardım ABŞ-nin sərhəd təhlükəsizliyi üçün güclü maliyyə ayrılması ilə müşayiət olunmalıdır. Maliyyənin tezliklə ayrılacağına şübhə ilə yanaşan qanunvericilər görüşlərin sonunda Zelenskinin müraciətinin onların fikirlərinə çox az təsir etdiyini bildirdilər…”

Bir sözlə, belə görünür ki, ABŞ-nin Ukraynaya yardımının ilin sonuna qədər reallaşacağı gözlənilmir. ABŞ qanunvericiləri bir neçə gündən sonra Yeni il tətilinə çıxacaqlar. Müşahidəçilər bu gedişlə, yardımın ən tezi yanvarın sonu, fevralın əvvəlində təsdiqlənə biləcəyini proqnozlaşdırırlar. Bu isə başı müsibətlər çəkən Ukraynanı qarşıda iki aya yaxın müddətdə ağır günlər gözlədiyini deməyə əsas verir.

Zelenskinin son Vaşinqton səfərində ABŞ başda olmaqla, Qərbin Ukraynaya münasibətdə yürütdüyü çirkin, riyakar siyasətin daha bir təzahürü Ukrayna Prezidentinin bir simvolik jestində də özünü büruzə verib.

Belə ki, amerikalı jurnalist Zelenskiyə Ukraynanın ABŞ-nin yeni köməyi olmadan qalib gəlmək şansının olub-olmadığını soruşub. “Bloomberq” yazır ki, Zelenski bu sual qarşısında aciz qalaraq, heç nə deməyib və sadəcə, çiyinlərini çəkib…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password