Amerikanın qurduğu sistem dağılır – Yeni dünya düzəni qurulur

 

“Soyuq müharibə”dən sonra ABŞ-ın liderliyində formalaşan birqütblü dünyaya qarşı müqavimət artıb. Amerika dünyada baş verən müxtəlif proseslərdə rol almağa çalışsa da, bəzi hallarda bu, həlledici əhəmiyyət daşımır.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Yaponiya Müdafiə Nazirliyinə bağlı araşdırmalar mərkəzinin hazırladığı hesabatda Rusiya və Çinin dünya düzənini dəyişmək istədikləri bildirilib:

“Hesabat müəllifləri hesab edirlər ki, Rusiya və Çin liberal dəyərləri qeyri-demokratik oyun qaydaları ilə əvəz etməyə çalışır. Buna Rusiya-Çin hərbi ittifaqının güclənməsini misal göstərirlər. Bəziləri bunu “yeni internasional” kimi qiymətləndirir. Ancaq “soyuq müharibə” illərindən fərqli olaraq, bu, “dünya kommunizmi”nin qələbəsi uğrunda mübarizə deyil, dünyadakı nizamı avtoritar üsul-idarə ilə əvəz edilməsinə nail olmaqdır.

ABŞ Rusiya-Çin ittifaqı ilə üz-üzədir. Buna baxmayaraq, Pekin Ukrayna müharibəsindən çəkindiyinə görə Rusiya ilə müdafiə və təhlükəsizliklə bağlı saziş imzalamağa tələsmir. Çünki Çin iqtisadiyyatının əsas hissəsi Qərb ölkələri ilə əməkdaşlıq üzərində formalaşıb. Yaponiya mərkəzinin hesabatında keçmiş illərdə Pekinlə Moskva arasında fikir ayrılıqlarıının olmasına baxmayaraq, Amerikaya qarşı mübarizədə bunun arxa plana keçdiyi vurğulanıb. Çin lideri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında sıx dostluq əlaqələri formalaşıb.

Hesabat müəllifləri Çinin Rusiyanın dəstəyinə arxalanaraq Asiya-Sakit okean bölgəsində hərbi gücünü artırdığını bildiriblər. Bu, Rusiyanın da maraqlarına cavab verir”.

Mərkəzin ekspertləri vurğulayırlar ki, Çin Asiyada müxtəlif ölkələrlə münasibətlərini gərginləşdirərkən, Rusiya Ukraynadakı müharibədə manevr imkanlarını artıra bilir:

“Bundan narahat olan əsas ölkələrdən biri Yaponiyadır. Rusiya və Çinin bölgədə keçirdikləri birgə hərbi təlimlər Yaponiya adalarına yaxın ərazilərdə baş tutur. Yaponiyanın Rusiya ilə münasibətlərində gərginlik artsa da, Tokio üçün əsas təhlükə mənbəyi Pekinin siyasətidir. Buna görə də Yaponiya həm öz hərbi potensialını və hərbi xərclərini artırır, həm də ABŞ-la hərbi müttəfiqliyi gücləndirir.

Almaniyanın “Der Spiegel” nəşri Rusiya-Çin ittifaqının Yaponiya ilə yanaşı, Avropa Birliyini də ciddi narahat etdiyini yazır. Pekin Rusiya-Ukrayna müharibəsində neytrallığını elan etsə də, Çin iqtisadi əməkdaşlıqla Rusiyanın gəlirlərini atrırır, Kreml də bunun hesabına işğalçı müharibəni davam etdirə bilir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password