Sülh sazişi bu şərtlərlə imzalanır: Razılaşmadan çıxarılan bənd… – Şəfiyev açıqladı
Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması inandırıcı deyil. Burada platformalar arasında açıq rəqabət var. Digər bir müstəvidə hansısa bir razılıq əldə ediləndə bu, qısqanclıqla qarşılanır. Amma bunun fonunda Qərb platforması yenidən gündəmdədir. Məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında növbəti görüşün Brüsseldə olması gözlənilir. Vaşinqtonda da belə bir görüşün olması ehtimalı var.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Şərtlərlə bağlı tərəflər arasında fikir ayrılığı var. Azərbaycan Prezidenti ADA Universitetindəki Forumda bu barədə danışdı. Qərbi azərbaycanlıların və Qarabağdan getmiş ermənilərin geri dönüşü məsələsinə toxunuldu. Azərbaycan tərəfinin yanaşması bu cürdür. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə açıqlamasında Qərbi azərbaycanlıların geri qayıtmasını qeyri-konstruktiv adlandırıb. Onlar hətta ermənilər üçün hansısa bir “özəl statusdan” danışır”, – deyə o qeyd edib.
Mərkəz sədri hesab edir ki, sülh sazişində qarşılıqlı olaraq Qərbi azərbaycanlıların və ermənilərin geri dönüşü məsələsi əksini tapmayacaq:
“Çünki Azərbaycan buna heç vaxt birtərəfli şəkildə razı olmayacaq. Yəni, Qarabağda yaşamış ermənilərlə bağlı məsələnin sülh sazişində yer almasına Azərbaycan imkan verməyəcək. Erməni tərəfi də Qərbi azərbaycanlıların Ermənistana qayıdışına razı olmayacağı ehtimalı var”.
Fərid Şəfiyevə görə, məhz bu kontekstdə sülh müstəvisində irəliləyişin olması mümkündür:
“Son bir iki ayda tərəflər arasında gərginlik var idi. Hətta pessimist proqnozlar da eşidilirdi. İndiki halda da ümumilikdə sülh sazişi ilə bağlı bəzi maddələr üzrə konkret razılaşma yoxdur. Sözsüz ki, artıq tərəflər arasında saxlanılan şəxslərin qarşılıqlı mübadiləsi və digər məsələlər prosesdə irəliləyişə dair ümidləri gücləndirir. Azərbaycanla Ermənistan bunu vasitəçi olmadan edib. Sərhəddə delimitasiya və demarkasiya ilə bağlı da görüşü heç bir vasitəçi olmadan baş tutub”.