Ermənistan iddialarından geri çəkildi – Zəngəzur və anklavarla bağlı sürpriz gəlişmə

 

Ermənistanın mövqeyini dəyişərək Azərbaycanla birgə razılaşmalara getməsi ABŞ-ın İrəvana təzyiqindən irəli gəlir. Eləcə də ABŞ-ın təzyiqləri qarşısında geri çəkilməyən Azərbaycanın mövqelərini gücləndirməsindən… Vaşinqtonda belə gözləmirdilər.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycandan istədiyini ala bilməyən ABŞ bu dəfə Ermənistana təzyiq etməyə başlayıb:

“İrəvan və Vaşinqtonun mövqelərindəki dəyişiklik Bakının təklif və prinsiplərinin qəbul edilməsi deməkdir. Çünki Azərbaycana qarşı atdığı addımlarla bölgədəki maraqlarına zərbə vuran ABŞ çətin duruma düşmüşdü. İndi maraqlarını saxlamağa çalışan Amerika Nikol Paşinyana təlimat verir ki, prosesə “praqmatik” yanaşsın. Paşinyan da bu təzyiq qarşısında ortaya “siyasi iradə” qoymağa çalışır.

Son gəlişmələr fonunda diqqətçəkən bir məqam da var: Ermənistan müdafiə xərclərini azaltdı. Bunu sülh naminə etdiklərini desələr də, digər yandan silahlanırlar. Buna baxmayaraq, baş verənlərdə pozitiv məqamlar açıq görünməyə başlayıb. Məsələn, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəkləyib. Bunlar sülh istiqamətində atılan mühüm addımlardır”.

 

Məhəmməd Əsədullazadə qeyd edib ki, artıq Ermənistan bir çox iddiasından geri çəkilib:

“Halbuki 15 gün əvvəl Ermənistanın mövqeyi tam fərqli idi. Ermənistan anklavlarla bağlı şərt və iddialarından da geri çəkilir, bunu açıq bəyan etməsələr də İrəvandan verilən son bəyanatlarda bunun izləri görünür. Paşinyanın özü Ermənistanın 29.8 min kvadratkilometr ərazisinə bu anklavların daxil olmadığını deyib. Digər tərəfdən, anklavların dəyişdirilməsi kimi təkliflər verirlər ki, Bakının bunu qəbul etməyəcəyini bilən İrəvanın bu məsələnin üstündə çox dayanacağını düşünmürəm.

Prosesdə diqqətçəkən başqa bir pozitiv məqam sərhəd komissiyalarının son iclasının qarşılıqlı anlaşmalarla bitməsidir. Ən əsası, Ermənistan Zəngəzur dəhlizindən maneəsiz istifadə ilə bağlı Azərbaycanın təklifinə müsbət cavab verib. Düzdür, indi bunun öz şərtləri daxilində olmasını istəyir, amma zamanla bununla bağlı mövqelər daha da yaxınlaşacaq, bir nöqtədə üst-üstə düşəcək. Bundan başqa, sərhəddə bir neçə istiqamətdə nişanlanma işi aparılıb, İrəvan Qarabağdan könüllü gedən ermənilərin beynəlxalq müşahidəçilərin müşayiəti ilə dönmələri təklifini geri götürüb. Bu tezis ABŞ-ın bəyanatlarında da yoxa çıxıb. Hesab edirəm ki, proseslər belə davam edərsə, gələn ilin yazına kimi sülh müqaviləsi bağlana bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password