Putin rus ordusunda generalların sayını sürətlə artırır- Rusiya yeni hücuma hazırlaşır?
“Rus ordusunda yüksək rütbəli zabitlərin sayının artması Putinin cəbhədəki vəziyyətdən razı olmadığını göstərir. İndi rus ordusunda daha çox general var. O, bütün ümumi vəzifələrə generalları və zabitləri təyin edir”.
Bu barədə Polşanın “Defense24” nəşrinin yayımladğı materialda bildirilir.
Məlumata görə, dekabrın əvvəlindən Rusiyada yeni general rütbələri paylanılıb. Rusiya lideri Vladimir Putin dekabrın 6-da 932 saylı fərman ilə hərbçilərə aşağıdakı rütbələri verib:
– 8 general-leytenant rütbəsi;
– 1 vitse-admiral;
– 20 general-mayor;
– dörd kontr-admiral.
Nəşr qeyd edir ki, 2022-ci ilin dekabrında polkovnik Suxrab Sultanoviç Əhmədov Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri olub. Daha sonra ona 2023-cü il fevralın 17-də general-mayor rütbəsi, 10 ay keçməmiş isə general-leytenant rütbəsi verilib.
Ümumilikdə, 2023-cü ildə 124 hərbi qulluqçuya rütbə verilib:
– 8 general-polkovnik;
– 2 admiral;
– 29 general-leytenant;
– 5 vitse-admiral;
– 74 general-mayor;
– 6 kontr-admiral.
Polşa nəşrinin müqayisəsi nəticəsində məlum olub ki, Rusiyada 2020-ci ildə 73, 2021-ci ildə isə 71 rütbə verilib. Bildirilir ki, 2022-ci ildə verilən yüksək rütbələrin sayını müəyyən etmək çətin olsa da, əvvəlki illə müqayisədə ən azı 80-90 nəfər artıq şəxsə yüksək hərbi rütbə verildiyi ehtimal olunur.
“Təqaüdə çıxan generalların sayı ilə bağlı dəqiq məlumat olmadığı üçün hazırda neçə generalın xidmətdə olduğu dəqiq məlum deyil. Əksər hallarda cəbhədə bəzi generalların həlak olması ilə bağlı çoxsaylı xəbərlər təsdiqini tapmır. Eyni zamanda, Rusiya orduda və ondan kənarda tam ştatlı general vəzifələrin sayını ciddi şəkildə gizli saxlayır. Bu vəzifələrin çoxunu polkovniklər tutur”,- deyə məlumatda qeyd olunur.
Putinin hərbi rütbələrin verilməsi ilə bağlı bu il dekabrın 6-da verdiyi sərəncamı təhlil edən nəşr ayrıca qeyd edir ki, Müdafiə Nazirliyinə bağlı olmayan qurumlarda da bu formada hərbi rütbələr paylanılıb. Belə ki, Rusiya Qvardiyasında altı general-leytenant, yeddi general-mayor, iki polis general-leytenantı və iki polis general-mayoruna yeni rütbələr verilib.
Nəşr “Putin bir çox generallara yüksək rütbə verməklə Ukraynaya yeni hücuma hazırlaşırmı?” sualını isə belə cavablandırıb:“Kreml hələ də Ukraynadakı xüsusi hərbi əməliyyatın həllinə böyük diqqət yetirir. Belə görünür ki, Rusiya hakimiyyəti hələlik bu münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və onların Ukraynadan çıxmaq şansı praktiki olaraq sıfıra bərabərdir. Rusların iki seçimi var – ya hazırkı statusu saxlamaq, ya da geniş miqyasda yenidən hücum etmək”.