“Qərb Rusiya ilə savaşa “lüt kral” kimi qoşulub” – “Biz uduzan tərəfin düşərgəsinə düşmək üçün qan tökürük”
“Ukraynadakı münaqişə yalnız Qərblə Rusiya arasında hərtərəfli danışıqlar yolu ilə həll oluna bilər ki, bu da Avropada yeni oyun qaydalarını müəyyən edəcək”.
Bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış ekspert Aleksey Arestoviç deyib.
Son zamanlar Ukraynanın hazırkı hakimiyyətini və Qərbi ciddi şəkildə tənqid edən, Ukraynada barəsində iki cinayət işi açılan və hazırda ABŞ-də olan Arestoviç ABŞ başda olmaqla, Qərbin Ukraynanı pis vəziyyətdə qoyduğunu bildirib.
O, xatırladıb ki, sadəcə maliyyə böhranı yaşayan Yunanıstana 340 milyard dollar verən Qərb, Rusiya kimi nəhəng dövlətlə savaşan Ukraynaya indiyə kimi cəmi 160 milyard pul ödəyib, onu vaxtlı-vaxtında lazımi hərbi texnika ilə, təyyarələrlə, silah-sursatla təmin etməyib və hələ bunun qarşılığında utanmadan Ukraynanı uğursuz əks-hücumda günahlandırır.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması belə təşkilatın hazırkı formatının səmərəsizliyinə görə fayda gətirməyəcək. Arestoviç hesab edir ki, NATO İkinci Dünya Müharibəsindən sonra yaradılmış sistemin yadigarıdır və bu gün öz aktuallığını itirib.
Arestoviçin fikrincə, İkinci Dünya Müharibəsindən sonra qurulan Yalta sistemi, daha sonra isə Helsinki razılaşmaları bir neçə onilliklər ərzində Avropada heç bir böyük silahlı münaqişənin olmamasına kömək etdi. Lakin Sovet İttifaqının dağılması ilə bu sistem öz fəaliyyətini dayandırdı.
Arestoviç həmçinin vurğulayıb ki, Ukrayna bu gedişlə öz məqsədlərinə hərbi yolla nail ola bilməyəcək: “Biz tərəflərin real maraqlarının nədən ibarət olduğu və münaqişələrin səbəbləri barədə çox ciddi söhbətə oturmalı və sistemi yenidən qurmalıyıq. Ukrayna qlobalistlər və realistlər arasındakı qarşıdurmada səhv stavka qoyur. Biz uduzan tərəfin düşərgəsinə düşmək üçün qan tökürük”.
Qərbin acizliyinə nümunə kimi Arestoviç Qətərdə baş verənləri göstərib. Belə ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu ərəb respublikasının rəsmi nümayəndə heyəti tərəfindən qarşılanana qədər təyyarənin çıxışında təxminən yarım saat gözləməli olub. Vladimir Putin isə həmin ölkədə böyük təmtəraqla qarşılanıb: “Niyə diplomatik cəhətdən təcrid olunmuş Putin G20-də və hər yerdə danışır, “Time” jurnalı isə onu “İlin adamı” adına namizəd göstərir və bunu ciddi şəkildə nəzərdən keçirir?”
Arestoviç həmçinin əlavə edib ki, sanksiyalara baxmayaraq, Rusiya bu il ərzində öz təbii sərvətlərinin və digər məhsullarının satışından 500 milyard dollardan artıq gəlir əldə edib. Onun fikrincə, bu faktlar Qərbin Rusiyanı təcrid edə bilmədiyini açıq şəkildə göstərir.
Arestoviç deyib ki, Qərb Rusiya ilə müharibəyə şalvarı aşağı düşmüş, “lüt kral” kimi gəlib. O, Qərb ölkələrinin Rusiya və qlobal Cənubla müharibəyə hazır olmadığı fikrini ifadə edib: “Moskvadan fərqli olaraq, onlar müdafiə sənayesini inkişaf etdirə bilmədilər. ABŞ ildə bir milyon mərmi istehsal edə bilmir. Şimali Koreya isə edə bilər. Söhbət hansı müharibədən, qələbədən və 1991-ci ilin sərhədlərindən gedir?”
Arestoviç xatırladıb ki, bütünlükdə Avropa İttifaqı bir milyon mərmi istehsal edə bilmədi və Ukraynaya cəmi 300 min mərmi verdi. O, bir məsələni də xüsusi vurğulayıb ki, Qərbin raketləri, aviasiyası və s. olsa da, Rusiya ilə döyüşəcək motivasiyalı canlı qüvvəsi yoxdur və Qərb Rusiya kimi yüz minlərlə əsgərini qurban verməyə hazır deyil. Lakin eyni zamanda da yüz minlərlə qurban verməyə hazır olan və artıq xeyli qurbanlar vermiş Ukraynaya lazım olan dəstəyi göstərmir: “Qərb müharibəyə şalvarını düşürmüş şəkildə qatılıb, onun “lüt kral” olduğu ortaya çıxdı. O, bu müharibəni aparmağa və qalib gəlməyə qadir deyil. Qlobal Cənub və Şərqlə toqquşmada Qərbin qələbə şansını getdikcə daha az görürəm”.
Qeyd edək ki, Arestoviçin son zamanlar ritorikasını dəyişməsi və Ukrayna hakimiyyətini, eləcə də Qərbi tənqid etməsi müxtəlif cür dəyərləndirilir. Onu Rusiyanın agenti hesab edənlər də, Kiyevdəki hakimiyyətdən küsdüyü üçün ona savaş açdığını deyənlər də, şəxsi hakimiyyət ambisiyaları olduğunu bildirənlər də var.
“Bu cür səs-küylü bəyanatlar Arestoviçin siyasi ambisiyaları ilə bağlı ola bilər”. Bu fikirləri tanınmış ukraynalı jurnalist Ruslan Kotsaba deyib: “Ona mümkün seçkilərə yaxşı hazırlaşmaq üçün həqiqəti söyləməsinə icazə verilib. İndi ondan çox maraqlı şeylər öyrənmək olar”.
Qeyd edək ki, bundan əvvəl Arestoviç Ukraynada korrupsiya ilə mübarizə, vergilərin azaldılması, iqtisadi artımın stimullaşdırılması, təhsil sisteminin təkmilləşdirilməsi və ölkədə proseslərin rəqəmsallaşdırılması tədbirlərini özündə əks etdirən siyasi proqramını irəli sürüb.