İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər dünya mediasının gündəmində

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya KİV-lərinin diqqəti mərkəzində qalmaqdadır.

Ərəb ölkələrinin media orqanları dövlətimizin başçısının fikirlərinə geniş verib.

“Əxbar Əl Yom” və “Əlbaatmedia” qəzetləri, “Qpress8” internet nəşri, SANA və NNA informasiya agentlikləri, həmçinin bir sıra digər saytlar Azərbaycanın dövlət başçısının məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi Forumda qlobal və regional problemlərlə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb.

Ərəb ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi.

Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üzrə təşəbbüslər haqqında fikirlərini şərh edən ərəb mediası yazıb ki, dövlət başçısı vaxtilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid etdiyini də bildirib. O əlavə edib ki, lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər.

Yazılarda vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amilinin İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi olduğunu bildirib.

Türkiyənin “Star” saytında yayımlanan “Əliyev açıqladı: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” sərlövhəli materialda dövlətimizin başçısının Fransa və Hindistanın Ermənistanı silahlandırması ilə bağlı fikirləri yer alıb. Məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunub: “Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. …İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu”.

Yazıda, eyni zamanda, Prezident İlham Əliyevin Qranada görüşünə getməməsinin səbəbləri, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi ilə bağlı İran ərazisindən yolun çəkilməsi, Avropa Parlamentində populist insanların olması ilə bağlı fikirləri oxuculara çatdırılıb.

Dövlətimizin başçısının fikirlərinin geniş işıqlandırıldığı “Son dakika.com” saytında dərc olunan “Ermənistan indi onları qəbul etməyə daha hazır görünür” sərlövhəli yazıda isə Azərbaycan Prezidentinin ölkəmizin Ermənistana təklif etdiyi beş prinsiplə bağlı fikirlərinə geniş yer verilib. Yazıda bildirilib: “…Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı”.

Məqalədə, həmçinin Azərbaycan Prezidentinin “…düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. …biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu” fikirləri oxuculara təqdim olunub.

“Sülh sazişinə gəldikdə, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünki prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin dırnaqarası “Dağlıq Qarabağ respublikası”na sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz, əlbəttə ki, qəbul edə bilməzdik. Onlar istəyirdilər ki, həmin məsələni müxtəlif söz birləşmələri vasitəsilə sazişə salsınlar, lakin onlar yenə də təxminən eyni alınırdı. Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır”.

Dövlətimizin başçısının bu fikirləri isə “Akdeniz gerçek” saytında yayımlanan məlumatda yer alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışı zamanı səsləndirdiyi fikirlər Serbiyanın nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırıb.

Bu ölkənin “RTV”, “Tanjug”, “NSPM”, “Novosti”, “Politika”, “Pravda”, “Vesti”, “PRVA”, “b92”, “Intermagazin” kimi informasiya agentlikləri və xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmədiyini vurğuladığı bildirilir.

Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd olunur ki, bu, çox praqmatik yanaşmadır. Çünki Azərbaycanı heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir.

Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. …Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? … Biz münasibətləri necə qurmağın yolunu tapmışıq”.

Yazılarda, həmçinin Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu, ölkəmizin İttifaqın doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyi və xarici ticarətin təqribən 50 faizini Aİ ilə apardığı bildirilir.

Gürcüstan mediası Prezident İlham Əliyevin Forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlərdən xəbərlər yaymaqda davam edib.

AZƏRTAC xəbər verir ki, “apsny.ge”, “interpressnews.ge”, “ambebi.ge”, “realnews.ge”, “kavkasia.net”, “adjaratv.ge” portalları, “1tv.ge”, “maestro.ge”, “rustavi2.ge” və digər televiziya kanalları Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinə dair fikirlərinə geniş yer verib.

Dövlətimizin başçısının çıxışından sitatla verilən materiallarda deyilir: “Gürcüstanın Aİ-yə üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq”.

Materiallarda Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan Avropada vahid komanda kimi təmsil oluna bilmələrinə dair fikrinə daha çox diqqət yetirilib.

Eyni zamanda, dövlətimizin başçısına istinadla bildirilib: “Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Əlbəttə ki, bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi”. Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin dövlətimizin başçısının Cənubi Qafqazda regional inteqrasiya üçün məsləhətləşmələrə başlamaq şansının olması barədə fikirləri də geniş yer alıb.

Ümumilikdə gün ərzində Gürcüstan mediasında Azərbaycan Prezidentinin Forumdakı çıxışı ilə bağlı 20-dən çox material və reportaj yayımlanıb.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Ukrayna mətbuatının da diqqət mərkəzində olub.

Bu ölkənin “Strana.ua”, “Antikor”, “Pozitsiya” xəbər portallarında nəşr olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməsinə dair fikirləri yer alıb.

Yazılarda dövlətimizin başçısının bu fikirlərinə diqqət çəkilib: “Mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. …doqquzuncu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir. Əslində, hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu, onun öhdəliyidir. Biz nə edə bilərik? Biz yalnız onu deyə bilərik ki, onlar öhdəliyini pozurlar”.

Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin sülh sazişinə dair fikirləri də yer alıb. “Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, – deyə dövlətimizin başçısından sitat gətirilib.

“Bloomberg”, “Financial Post” və digər mətbu orqanlarında “Azərbaycan silah tədarükünün doğurduğu müharibə riski ilə bağlı Ermənistana xəbərdarlıq edir” mövzulu materiallar dərc edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Fransa və Hindistanı Ermənistana təhlükə hesab etdiyi silahlarla təmin etməmək barədə xəbərdarlıq edib və belə tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini deyib. Eyni zamanda Ermənistanın adıçəkilən ölkələrdən silah-sursat almağa başlayacağı təqdirdə, Azərbaycan öz əhalisini qorumaq üçün reaksiya verməli olacaq. Məqalələrdə xüsusilə diqqətə çatdırılır ki, üç ay bundan əvvəl Qarabağda əməliyyat keçirən Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.

Diqqətə çatdırılır ki, Qarabağdakı uğursuzluqdan sonra Ermənistan Moskvadan uzaqlaşaraq başqa yerdə dəstək axtarır. Son aylarda İrəvan hökuməti Fransa və Hindistanla hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar da daxil olmaqla silahların alınması üçün müqavilələr imzalayıb.

Həmçinin materiallarda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Bakıya səfərinə də toxunulub. Qeyd edilib ki, Azərbaycan dövlət başçısı Ermənistanın yeni silah tədarükü ilə cəsarətlənərək Qarabağa gələcəkdə iddialar qaldırmayacağına dair “ciddi təminat” verilməli olduğunu vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password