Xəzəryanı ölkələrin Moskva toplantısındakı çalarlar və Zəngəzur dəhlizi

 

Moskva Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etdi.

Görüşün təşəbbüskarı Rusiyadır və o, Xəzər dənizində Qərb ölkələrinin enerji resurslarındakı və təhlükəsizlik sferasındakı bölgüsünü minimallaşdırmağa çalışır.

Buna görədir ki, Rusiya XİN başçısı Sergey Lavrov digər Xəzəryanı ölkələri Xəzər Şurasının yaradılmasına inandırmağa çalışır.

Lavrovun təklifi təkcə Rusiyanın geosiyasi məqsədlərindəki Xəzər lövhəsini əhatə etmir, bu, bütövlükdə qurudakı əməkdaşlıqla sulardakı əməkdaşlığın harmoniyasına işarə edir.

Bu nöqtədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vasitəçilik rıçaqlarını Rusiya əlində saxlamağa çalışır.

Çünki Azərbaycan-Ermənistan gündəliyindəki Zəngəzur dəhlizi layihəsi Moskva üçün böyük geosiyasi və geoiqtisadi regional dönüş nöqtəsidir.

Açılması ehtimal edilən dəhliz Rusiyanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya (Xəzər regionundakı Qazaxıstan və Türkmənistan həmin məzmunda dəyər qazanır) uzanan maraqlarını vahid geosiyasi məkan kimi birləşdirib Qərbə qarşı cəbhə açmasına yardımçı olur – Moskva belə düşünə bilər.

Eyni düşüncə Qərbdə də hakim ola bilər. Deməli, Qərblə Rusiya arasında Xəzər dənizindəki geosiyasi mövqelər Zəngəzur dəhlizinin əhəmiyyəti kontekstində yeni rəqabət mühiti yaradır.

Rusiya da, Qərb də Xəzər dənizi regionu olmayan Türkiyəni öz yanında görmək üçün əlləşir, çünki Ankaranın nəhəngləşən regional təmsilçiliyi hər iki rəqib gücə fürsətlər vəd edir.

Türkiyə isə Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar təklif etdiyi “3+3” formatında iştirak etməklə Qərb və Rusiya arasında geniş manevr sahəsi qazanır.

Hələlik görünən budur ki, Türkiyənin iştirakçılığı ən çox Moskvaya sərf edir. Çünki Lavrov məlum iclasdakı açıqlamasında “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur” deməklə Moskvanın razılıqlarını dilə gətirdi.

Regional təşəbbüslərdə Rusiyanın özünü mərkəzi damarda tutmaq cəhdi onu İranla da əməkdaşlığı yüksəltməyə vadar edir.

Bu nöqtədə isə üç Xəzər dövlətinin – Azərbaycan, Rusiya və İran – əməkdaşlıq platforması Moskva üçün geosiyasi zərurətə çevrilir.

Çünki ortada Rusiya üçün alternativ bir nəfəslik mənzərəsi var ki, burada da əsas diqqət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə yönəlir.

Azərbaycandan İrana keçib, oradan Fars körfəzinə Rusiyanın çıxışını təmin edən Şimal-Cənub Dəhlizinin mükəmməl mexanizmlə işləməsi üçün Bakı ilə Tehran mövqelərini uzlaşdırmalıdırlar. İndi texniki olaraq top İranın ayağındadır, o, Rəşt-Astara dəmir yolunun tikintisini reallaşdırmalı və regional iqtisadi çətirin açılması çağırışını yerinə yetirməlidir.

Moskvadakı iclas çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahianın müzakirə portfeli həmin istiqamət üzrə iqtisadi sferadan tutmuş, təhlükəsizlik mühitinə qədər geniş gündəliyi əhatə edir.

NƏTİCƏ

Moskvadakı iclas Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə diplomatiyasının yenidən aktivləşməsinə işarə edir.

Azərbaycan bunun genişlənən regional strategiyasında manevr üçün imkanlar tanıyan tərəflərini araşdırır.

Xəzəryanı ölkələrin əməkdaşlıq müstəvisi regionda təhlükəsizliyi gücləndirən çərçivələrin zəruriliyini vurğulayır və diqqətlər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına yönəlir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password