Qərbin erməni xalqını aldatmasını istəmirəm – Zaxarova
Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyanın İrəvanın pulunu ödədiyi, lakin hələ də almadığı silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində olmadığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“Biz bunu ancaq alqışlaya bilərik. Belə başa düşürük ki, Rusiya Müdafiə Nazirliyi də oxşar münasibət göstərir”, – Zaxarova bildirib.
Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığına toxunan Zaxarova deyib ki, erməni xalqının qərbli dostları tərəfindən aldadılmasını istəmir:
“Fransa tərəfindən təmin edilən “Bastion” zirehli maşınları uyğun deyil. Müxtəlif ölkələrdə istehsal olunan istifadəyə yararsız hərbi texnikanın toplanması heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etmir”.