Yalan, cəfəngiyyat, qərəz: Aİ nümayəndəsinin sərsəmləməsi
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış etməkdədir. Yalan, cəfəngiyyat, qərəz Borrel başda olmaqla avropalı məmurların gözünü tutub. “Ermənidən artıq erməni olmaq” qərbli diplomatların sanki əsas amalına çevrilib – təki regionda maraqları təmin olunsun.
Azərbaycan torpaqları işğal altında qalanda, yüzminlərlə insan ev-eşiyindən didərgin salınanda səsi çıxmayan qərbli diplomat ermənilərə gələndə “gül vurmağa” davam edib. Erməni maraqlarının müdafiəçisi qismində çıxış edən bu şəxs üçün heç bir müqəddəs dəyər, obyektiv yanaşma qalmayıb. İnsan haqları üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının toplantısında o, hətta ermənilərin özünü belə təəccübləndirməyi bacarıb. Ermənistanla Azərbaycan arasında münaqişəyə toxunan avropalı nümayəndə iddia edib ki, Qarabağdan köçən erməni sakinlərin sayı 150 minə çatıb. Halbuki, ermənilər özləri bu qədər şişirtməyi bacarmamışdılar. Bu azmış kimi, Azərbaycanın əzəli, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında apardığı antiterror əməliyyatlarını da “hərbi müdaxilə” kimi qiymətləndirməyə çalışıb.
Jozep Borrelin bu sərsəmləmələrini cəmi bir neçə fakt tam şəkildə alt-üst edir.
Birincisi, Qarabağdan hər hansı bir zorla köçürülmə, etnik ayrı-seçkilik baş verməyib. Bu faktı yalnız Azərbaycan yox, BMT-nin bölgəyə səfər edən iki missiyası da təsdiq edib. Həmin missiyanın hazırladığı hesabatda bildirilib ki, köçürülmə könüllü şəkildə həyata keçirilib. Daha sonra erməni tərəfi də bununla bağlı hər hansı bir rəqəm səsləndirməyib.
İkincisi, Borrel iştirak etdiyi tədbirdə bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı təcavüzünü, torpaqlarını işğal altında saxladığını dilə gətirməyib. İndi isə bölgədə sülh çağırışı etmək əvəzinə, Ermənistanı silahlandırmağa rəvac verir.
Üçüncüsü, Borrelin təqdim etdiyi 150 min rəqəminə nəzər salaq. Erməni hakimiyyətinin, xəbər agentliklərinin təqdimatında həmin rəqəm 100 min göstərilib. Bəs Borrel 150 min rəqəmini haradan çıxarıb? Belə görünür ki, Borrelə ermənilərin verdiyi ianənin məbləği çox olub. Sevindiyindən o da rəqəmi artırıb, 150 minə çatdırıb. Erməni yalanı Aİ rəsmisinin qanına keçib. Ermənistan rəhbərliyində təmsil olunan şəxslər – prezident, spiker – qondarma və artıq tarixə qovuşmuş DQR-in artıq arxivə atıldığını deyirlər, Borrel isə hələ də Qarabağ ermənilərinin “pozulan hüquqları”ndan dəm vurur.
Xatırladaq ki, qondarma erməni soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə sırınan yalanlar da belə yayılmışdı. 100 ildən artıqdır iddia edirlər ki, Osmanlı Türkiyəsində 1,5 milyon erməni qətlə yetirilib. Halbuki, heç bir sənəddə, arxiv materiallarda buna rast gəlmək mümkün deyil. Borrel də bu erməni yalanından ilhamlanıb rəqəmi 150 minə çatdırıb.
Dördüncüsü, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq Borreli, onun ilham aldığı Fransanı ciddi şəkildə narahat edir. Azərbaycana postsovet məkanında separatizmə son qoyan ölkə kimi təşəkkür etməkdənsə, ona qarşı hədyanlar, böhtanlar yağdırırlar.
Beşincisi, nə Borrel, nə də 30 il keçmiş Minsk qrupuna rəhbərlik etmiş Fransa bir dəfə də olsun azərbaycanlıların pozulan hüquqları barədə danışmayıblar. Sadəcə, münaqişənin sülh yolu ilə həllinə çağırışlar etməklə kifayətləniblər.
Avropa İttifaqının ali nümayəndəsinin qatı ermənipərəst, birtərəfli siyasət yürütməsinin səbəbi bəllidir. Azərbaycan Avropa İttifaqının Qafqazda möhkəmlənmək, Qərbin Qarabağda yerləşmək planını alt-üst edib. Buna görə də xüsusilə, sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən sonra Qərbin mövqeyində anti-Azərbaycan ritorikası güclənib.
Yekun olaraq onu deyə bilərik ki, Borrelin sərsəmləmələrinin hədəfi bəllidir: nəyin bahasına olursa-olsun, Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləməyə, bölgəni münaqişə ocağına çevirməyə çalışırlar.