“Türkiyənin uzun hekayəsi: Cümhuriyyətin ilk yüz ili adlı” sərgi baş tutdu
Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində ADA Universitetində sərgi baş tutub.
“Türkiyənin uzun hekayəsi: Cümhuriyyətin ilk yüz ili” adlı foto-sərgidə Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları, türk qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə çıxışı zamanı Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışıb. Türkiyə Cümhuriyyətinin elan edilməsindən sonra çox ciddi inkişaf prosesinə girdiyini vurğulayıb. O, Türkiyə ilə Azərbaycan qardaşlığının əbədi olduğunu deyib.
“Son illər Türkiyə-Azərbaycan qardaşlığı genişlənib və digər türkdilli dövlətləri də əhatə edib. Türkdilli dövlətlərin birliyi sürətlə inkişaf edir. 21-ci əsr türklərin əsri olacaq. Bu gün biz türkdilli xalqların ümumi inkişafının şahidiyik. Bu prosesin mərkəzində və təməlində qardaş Türkiyə dayanır”, – o, çıxışında vurğulayıb.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç isə sərgidə Türkiyənin keçdiyi mədəni və elmi inkişafının fotolar vasitəsilə izah edildiyini açıqlayıb:
“Cümhuriyyətin ilk illərində opera, teatr, musiqi və mədəniyyət mərkəzləri açıldığı halda, universitetlər, peyvənd, təyyarə, silah, parça fabrikləri və müxtəlif sahələrdə elm və texnologiya mərkəzləri də sürətlə fəaliyyətə başlayıb. Sonrakı illərdə bu mədəni dəyişiklik böyük sürət qazanıb. Bugünkü müasir Türkiyənin dünya miqyasında baş verən mədəni və texnoloji inqilabı 100 illik təcrübənin nəticəsidir. Son iyirmi ildə Türkiyə hər sahədə texnoloji və mədəni ixracatı ilə bütün dünyada bir ekosistem yaradıb”.