İran səfirinin “Zəngəzur dəhlizi mesajı ” – Ermənistan Qərb-İran məngənəsində qalıb

 

“Azərbaycan-Qərb münasibətlərinin gərginləşməsi fonunda İranın Azərbaycan və Ermənistan arasında kommunikasiyalara dair bəyanatları kölgədə qaldı”. 

Bu barədə politoloq Fərhad Məmmədov “Facebook” hesabında yazıb.

“Tehranda İranın xarici işlər naziri ilə bu ölkənin Ermənistandakı və Azərbaycandakı səfirləri arasında görüş keçirilib. Bu görüşdən yayılan fotoda səfirlərin bədən dili çox şeyi deyirdi. İranın Azərbaycandakı səfiri büzüşmüş halda oturmuşdu, İranın Ermənistandakı səfiri isə hətta nazirin özündən daha əmin görünürdü”, – o əlavə edib.

Ekspert görüşdən sonra İranın Azərbaycandakı səfirinin verdiyi bəyanatı yada salır: “Hər kəs Zəngəzur dəhlizi ideyasının gerçəkləşməyəcəyini anladı…”

Bu bəyanatı necə başa düşmək olar?

 

 

F.Məmmədov deyir ki, İran diplomatiyası bəyanatlarda və hərəkətlərdə az ifadəli və qeyri-müəyyənliyi ilə məşhurdur. Politoloq hesab edir ki, İran da Ermənistan kimi Zəngəzur dəhlizi konsepsiyasına ekstraterritoriallıq elementi qoyur: “Hər iki ölkə Araz çayı boyu 44 kilometrlik hissəyə məhz Azərbaycanın nəzarət edəcəyi ilə bağlı təbliğat aparırdı. Baxmayaraq ki, üçtərəfli bəyanatda təhlükəsizlik funksiyası 30 ildir İran-Ermənistan sərhədində dayanan Rusiya sərhədçilərinə həvalə edilib. Beləliklə, İran və Ermənistan Rusiyanın Ermənistanda əlavə funksiyasının olmasına qarşı çıxdılar. Birinci varian: İran səfiri əlaqə imkanlarını heç şübhə altına almadan nəqliyyat yolunun ekstraterritorial, yəni dəhliz məntiqində olmayacağını açıqladı. Yəni, Meğridən keçən dəmir yolunun işə salınması mümkündür.

İkinci variant: İran səfiri Tehranın mövqeyini açıqladı ki, belə bir kommunikasiya olmayacaq və İran buna qarşıdır. Lakin bu yol olmadan Azərbaycan və Ermənistan arasında bütün kommunikasiyaların açılması mümkün deyil, bu əlaqələr qurulmadan isə sülh müqaviləsi imzalanması real deyil”.

F.Məmmədova görə, İranın Azərbaycan və Ermənistandakı səfirlərinin xarici işlər naziri ilə görüşü sülh müqaviləsinin imzalanması ərəfəsində Tehranın öz fəaliyyətinin koordinasiyasına xidmət edir. “İran öz maraqlarının nəzərə alınması üçün hər cür səy göstərib”.

Burada əsas sual budur ki, Tehranın əsas marağı nədir? Politoloq bu suala belə cavab verir: “İran artıq öz ərazisindən keçən quru və dəmir yolu üçün niyyət protokolunu imzalayıb. Yəni Ermənistanın maraqlarına görə İran regional nəqliyyat layihəsində iştirak edir. Görünür, İran Ermənistan ərazisindən keçən dəmir yolu ilə bağlı mümkün razılaşmanı və bununla da sülh müqaviləsi mövzusunu pozmaq niyyətindədir.

ABŞ-ın mövqeyini də nəzərə almaq lazımdır. Vaşinqton İran ərazisindən Naxçıvana və Türkiyəyə istənilən nəqliyyat əlaqəsini qəbuledilməz hesab edir.

Beləliklə, İran və ABŞ-ın Ermənistan ərazisindəki kommunikasiyalarla baxışları arasında növbəti toqquşma yaranıb. Etiraf etmək lazımdır ki, prosesin əvvəlində Ermənistan rəhbərliyi ölkənin təhlükəsizliyi və nəqliyyat kommunikasiyaları üzərində öz suverenliyinin qorunması mövzusunda Qərbin (ABŞ/Aİ) İranla mövqeyini uzlaşdıra bildi. Lakin Qərb bu mövzunu arxa plana atıbsa, o zaman İran Azərbaycana və Türkiyəyə öz xidmətlərini, ərazisini və iştirakını təklif edib və bu məqsədə qismən nail olub. İndi isə İranla Qərb arasında nəqliyyat kommunikasiyaları məsələsində qarşıdurmalar, ziddiyətlər açıq bəyanatlar səviyyəsinə çatır”.

Ekspert qeyd edir ki, kommunikasiya mövzusunda Ermənistan rəhbərliyinin qarşısında çoxsəviyyəli vəzifə durur: “Azərbaycan rəhbərliyini Rusiyanın nəzarəti olmadan və İranın niyyətinə zidd olaraq Ermənistan ərazisindən Naxçıvana avtomobil və dəmir yolu xəttinin olacağına inandırmaq. Onlar bunu bacaracaqlarmı? Görünür, bu mövzu Ermənistan Təhlükəsizlik Şurası katibinin hazırda məsləhətləşmələr apardığı ABŞ-da əsas müzakirə mövzularından biri olacaq. İrəvanda İran istiqaməti ilə bağlı siyasətə cavabdeh olan Qriqoryandır. Görək, Ermənistan rəhbərliyi öz havadarlarının ziddiyyət labirintindən necə çıxacaq…”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password