Ölülərə qoyulan fərq: Dəfn pulu niyə hamıya verilmir?

 

Hazırda ölkəmizdə pensiyaçı şəxslərin yaxınlarına dəfn üçün verilən müavinətin məbləği minimum (280 AZN) pensiyanın 3 misli qədər, yəni 840 manatdır.

Pensiyaçı olmayanlar üçünsə müavinətin məbləği 500 manat hesablanıb. Bu həftə mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sözügedən məbləğin mərhələlərlə artırılacağını deyib:

“Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.

Qanunvericiliyə görə, dəfn üçün müavinət sığorta olunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir. İşsiz və ya rəsmi iş yeri olmayanlar, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxslər vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Bəzi ekspertlərin fikrincə, bu, doğru yanaşma deyil. Əslində işsiz şəxslərin ailəsinin dəfn üçün həmin məbləğə daha çox ehtiyacı var.

Deputat Ceyhun Məmmədov açıqlamasında bildirib ki, hər kəs bu müavinətdən yararlanmalıdır:

“Ümumiyyətlə, mən bu məsələyə dəfələrlə toxunmuşam. Dəfn pulunun miqdarı artırılsa da, yenə də azdır. Hər birimiz bilirik ki, bir insanın dəfni üçün nə qədər vəsait lazımdır, ona görə də bu vəsaitin qaldırılması ilə bağlı addımlar atılmalıdır. Xarici təcrübəni də öyrənmək lazımdır, bu qərar hamıya şamil edilməlidir, hər kəs bu vəsaitdən az da olsa, bəhrələnməlidir. Bu məsələyə yenidən baxılmasına ehtiyac var”.

“Pensiya, müavinət, maaş almayan şəxslərin dəfn puluna daha çox ehtiyacı var. Bu vətəndaşların da ölüm haqqı tanınmalıdır, onların da dəfninə dövlət qayğısı göstərilməlidir” – bunu isə iqtisadçı Akif Nəsirli deyib.

O, açıqlamasında bildirib ki, hazırda bu haqdan sığorta ödəyənlər yararlana bilir:

“Biz kifayət qədər sərvəti olan ölkədə yaşayırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qərarı isə özünü sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhalini və büdcəyə hər hansı bir formada sığorta haqqı ödəyən vətəndaşları əhatə edir. ƏMAS-a görə sosial müdafiəyə ehtiyacı olan həssas qruplar mütləq dəfn pulu ilə təmin edilməlidir, çünki onlar əmək qabiliyyətlərini itirmədikləri zamanlar işləyərək sığorta ödəyib.

Bununla bağlı olaraq bu ödənişlərdən də həmin vətəndaşlara dəfn pulu verilməsi nəzərdə tutulub. Rəsmi iş yeri olanlar da sığorta ödəyir deyə bu haqdan yararlanırlar. Dəfn pulu həmin vətəndaşlardan alınan vəsaitlər hesabına formalaşır”. Akif Nəsirlinin fikrincə, işsiz vətəndaşların da ölkədə dəfn pulu alması, dövlətin dəstəyi ilə layiqli şəkildə dəfn olunması təqdir ediləcək addım olardı: “İşsiz vətəndaşın gəlirləri də çox aşağı olur, buna görə də bu vəziyyət nəzərə alınmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password