4 kənd qaytarılır: digər 4 kənd güc yoluyla alınacaq?

 

Delimitasiya prosesində Azərbaycanın əsas tələblərindən biri Qazaxın işğal altında qalan 7 kəndi və Sədərəyin Kərki kəndinin qaytarılmasıdır. İlkin mərhələdə Qazaxın kəndlərindən dördünün qaytarılması daha real görünür.

Bunu açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, anklavlarla bağlı məsələ müəyyən qədər spesifikdir:

“Anklav olan Kərki, eləcə də Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılarsa, Ermənistan Azərbaycanın bu kəndlərə çıxışı üçün dəhlizlər verməlidir. Bu dəhliz verilərsə, təhlükəsizliyin necə qorunacağı da sual altındadır. Bu baxımdan, anklavlarla bağlı məsələ ciddi müzakirə olunmalıdır”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan bu çətinlikləri irəli sürərək, “barter” təklifi ilə çıxış edir:

“Nikol Paşinyan son açıqlamalarında bunu elan etdi. Təklifi belədir ki, Başkənd Azərbaycanda qalsın, 4 kəndimiz isə Ermənistanda. Burada Başkənd iddiası prosesi yenidən dalana dirəyə bilər. Çünki bu ərazilər Azərbaycana məxsusdur, SSRİ dövründə Ermənistana verilib. Azərbaycan Paşinyanın iddia etdiyi “barter” məsələsi ilə razılaşmır”.

A.Nərimanlı hesab edir ki, işğal altında qalan 4 kəndin azad edilməsi iki ssenari üzrə mümkündür.

“Birincisi, delimitasiya prosesində Qazaxın anklav olmayan 4 kəndi – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – qaytarılır, anklavlar məsələsi sonra müzakirə edilir. Sülh müqaviləsi imzalansa belə, bu məsələni sonrakı müzakirəyə saxlamaq olar. Misal üçün, bu gün Azərbaycan və Gürcüstan sərhədində də delimitasiya olunmamış ərazilər var. Yəni Ermənistanla sülh bağlasaq da, anklavlar üzrə danışıqlar davam edə bilər. İkinci ssenari məsələnin hərbi müstəvidə həllidir. Azərbaycan bunu istəmir, lakin Ermənistanın sərgilədiyi təxribat yanaşma, eləcə də bölgədə yeni eskalasiya yaratmaq istəkləri fonunda hadisələrin bu istiqamətdə inkişafı istisna edilməməlidir”, – o deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password