Mirzoyan ATƏT tribunasında Bakıya qarşı nələr dedi…
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında çıxışını bütünlüklə Azərbaycana qarşı təbliğata həsr edib.
O, “əsas səbəbləri nifrət və ksenofobiya, öz ata-baba yurdunda azad və ləyaqətlə yaşamaq istəyən insanlara ontoloji təhlükə yaradan Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi”nin bu il son mərhələsinə çatdığını bildirib. İddia edib ki, “doqquz aydan çox davam edən qeyri-insani mühasirə”dən sonra, sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağ əhalisi”nə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, “Dağlıq Qarabağ”ın yerli əhalisinin kütləvi surətdə “məcburi köçkün”ə çevrilməsinə səbəb olub.
“İndiki məqamda qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə “Dağlıq Qarabağ” ərazisini erməni əhalisi olmadan əldə etmək kimi çoxdankı məqsədinə nail olub.
Lakin bu ediləndən sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. indi Ermənistan Respublikasının bütün suveren ərazisi qonşumuzun hədəfinə çevrilib. Davamlı nifrət, hərbi ritorika, gücdən istifadə və güc təhdidi, müxtəlif beynəlxalq aktorlar, o cümlədən ABŞ və AB tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında həqiqətən maraqlı olmadığını göstərir”, – deyə Mirzoyan Bakıya qarşı təbliğatını davam etdirib.
Mirzoyan “humanitar fəlakətə baxmayaraq”, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına sadiq olduğunu da vurğulayıb:
“Bu fürsəti reallığa çevirmək üçün bizə hərtərəfli işlənmiş və məlum prinsiplərə əsaslanan səylərimizə Azərbaycanın qarşılıqlı səmimi iştirakı və beynəlxalq aktorların güclü dəstəyi lazımdır. Azərbaycan tərəfindən geniş müzakirə olunan və qəbul edilən və ya ən azı rədd edilməyən həmin prinsiplərə aşağıdakılar daxildir:
– 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması – Almatı Bəyannaməsi əsasında və qeyri-müəyyənlik olmadan;
– SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası;
– ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması.
Ermənistan yuxarıda göstərilən prinsiplərə sadiqliyini bir daha təsdiqləyir”.
Mirzoyan “Sülh qovşağı” adlandırdıqları layihədən də bəhs edib və Ermənistan-Türkiyə sərhədinin açılmasının həlledici olduğunu bildirib:
“Biz quru sərhədinin 3-cü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasına dair razılığa gəlmişik, bunu oktyabrın 23-də ikitərəfli görüşümüz zamanı nazir Fidan bir daha təsdiqləyib. Hətta qarşıdan gələn həftələri nəzərə alaraq aydın tarixlər də qeyd olunub və ümid edirik ki, yaxın gələcəkdə biz bu ilk, lakin kifayət qədər hiss olunan addımı atacağıq”.
Mirzoyan “sentyabrın 19-dan sonra həbs edilənlər də daxil olmaqla”, bütün erməni əsir və məhbusların azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılmasında əməkdaşlıq, Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunmasında da ATƏT-dən yardım istəyib.
“Ermənistan danışıqlara hazırdır və bizə lazımdır ki, Azərbaycan vasitəçilərin görüşmək və sülh sazişini yekunlaşdırmaq təkliflərini rədd etməyi dayandırsın. Bu məqsədə nail olmaq üçün Cənubi Qafqazda zorakılıq səhifəsini çevirmək və beynəlxalq qanunlara əsaslanan nizamı gücləndirmək üçün bütün maraqlı tərəflərin və ümumilikdə beynəlxalq ictimaiyyətin real səylərinə ehtiyacımız var”, – o çıxışını yekunlaşdırıb./axar.az