İranla bağlı xəbərdarlıq edildi – “Vəziyyət elə yerə çatıb ki…”
İranla nüvə sazişinə qayıtmaq mümkün deyil, tamamilə yeni sxemə ehtiyac var.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (ABEA) baş direktoru Rafael Qrossi deyib.
AEBA rəhbəri dünya ictimaiyyətini İranla dialoqu bərpa etməyə və Tehranın nüvə ambisiyalarını ciddiyə almağa çağırıb:
“İranla dialoq sistemini yenidən qurmaq lazımdır. Əlbəttə, diqqəti başqa şeyə yönəltmək olar, amma bu, problemləri həll etməyəcək. Bu, hətta laqeydliyin ön plana çıxması mənasında problemləri daha da kəskinləşdirə bilər. Ola bilsin ki, insanlar (İranın nüvə ambisiyalarına) önəm vermirlər, amma problem var”.
Qrossi həmçinin İranın nüvə proqramı ətrafındakı durumun çox qeyri-müəyyən olduğunu qeyd edib və ölkələri əməkdaşlığı bərpa etməyə çağırıb.
Onun sözlərinə görə, İranla nüvə danışıqlarına mane olan amillərdən biri daxili diqqəti yayındırmaqdır. Qrossi bəzi ölkələrin danışıqlarda tam iştirakına mane olan ayrı-ayrı dövlətlərdəki siyasi vəziyyəti vurğulayıb. Amma hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Qrossi əlavə edib ki, hərtərəfli və ortaq fəaliyyət planı çərçivəsində İranla nüvə sazişinin qaytarılması cəhdi nəticə vermir, yeni sxemə ehtiyac var.