Tofiq Rzayevin xatirəsi Azərbaycanda daim hörmətlə yad edilir
Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımız, onların birliyi, adət- ənənələrinin, hüquqlarının qorunması dövrün ən zəruri məsələlərindən olub və olmaqdadır. Bu məqsədlə fəaliyyət göstərən xaricdəki Azərbaycan Diasporaları ölkəmizin beynəlxalq aləmlə münasibətlərinin inkişafı, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində ən fəal qüvvələrdən biridir.
Rusiyadakı Azərbaycan Diasporası da bu sahədə mühüm işlər görür və görməkdədir. Azərbaycan Diasporalarına rəhbərlik edən vətənpərvər iş adamlarının, fəal ictimai xadimlərin xidmətləri bizdən uzaqlarda olsalar da hər zaman diqqət mərkəzindədir. Gördükləri işlərlə yanaşı bu insanların insanpərvərliyi, xeyirxahlığı, cəsarəti, işgüzarlığı, ən çətin zamanlarda millətinə dəstək olmaları, onlar dünyasını dəyişdikdən sonra belə xatirələrdə yaşayır, unudulmur. Rusiyanın Kalininqrad vilayəti Azərbaycan Diasporunun sədri kimi uzun illər fəaliyyət göstərən Tofiq Rzayev də yaddaşlarda, xatirələrdə işgüzar, xeyirxah bir insan kimi qalmışdır.
Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində dünyaya gəlmişdi. 1973-cü ildə Rusiyanın Kalininqrad vilayətində təhsil almış, Rusiya Kalininqrad Universitetinin İqtisad fakültəsini bitirmişdi. Həmin universitetdə prorektor vəzifəsində çalışmışdı. Peşə karyerasına Bakıdan başlayan həmyerlimiz Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışmışdı. Tofiq müəllim ictimai fəaliyyətə 1998-ci ildə yaratdığı “Abşeron” Cəmiyyətində başlamışdı. Bakıda Elm Assosasiyasının vitse-prezidenti olan Tofiq Rzayev bir müddət Milli Məclisdə çalışmış, daha sonra fəaliyyətini Rusiyanın Kalininqrad vilayətində davam etdirmişdi. Kalininqrad vilayətinin qubernatorunun köməkçisi olan Tofiq Rzayev Vilayət Dumasında çalışmış və həmin illərdə müxtəlif mükafatlara layiq görülmüşdü.
Tofiq Rzayevin Ümumrusiya Azərbaycan Konqresinin vilayət üzrə sədri kimi Konqres dövründə həm Azərbaycan, həm də vilayət rəhbərliyi ilə sıx münasibətləri olmuş və o, bütün layihələrdə, region üçün əhəmiyyətli olan tədbirlərdə mütəmadi iştirak etmişdi. Ruhən daim millətinə, xalqına bağlı olan diaspora sədri 17 minə yaxın azərbaycanlının yaşadığı Kalininqrad vilayətində Rusiya Azərbaycanlılar İttifaqının və Azərbaycan İş Adamları Konfederasiyasının Kalininqrad vilayətindəki nümayəndəsi idi.
Tofiq Rzayev eyni zamnda Kalininqrad Ticarət-Sənaye Palatasının üzvü idi. O, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Azərbaycanla Rusiya arasında biznes əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə, Fəxri -fərmanla mükafatlandırılmışdı. Vətənpərvər həmyerlimiz Kalininqrad vilayətində fəaliyyət göstərmiş Ümumrusiya Azərbaycan Konqresi yerli bölməsinin rəhbəri olmuşdu. Həmyerlimiz Sovetlər İttifaqının vitse-admiralı Həmid İsrafilbəyovun Kalininqrad vilayətində xatirəsinin əbədiləşdirilməsi ideyası da məhz Tofiq Rzayevə məxsus idi və o, bu layihənin reallaşması üçün çox çalışmışdı.
Azərbaycan alimlərinə böyük dəyər verən, onlarla sıx əlaqə saxlayan, qəlbi hər zaman doğma Azərbaycanımızla döyünən, ölkədə baş verən proseslərli böyük can yanğısı ilə izləyən, uğurlarına sevinən, Azərbaycan Diaspora sədri kimi xidməti vəzifəsini hər zaman layiqincə yerinə yetirən Tofiq müəllim rəhbəri olduğu diaspora üzvləri ilə birlikdə, ölkəmizdə baş verən prosesləri, həqiqətləri ictimaiyyətə çatdırılması işində də bir çox işlər görmüş, soydaşlarımızın hüquqlarının qorunması, problemlərinin həllində onlara dəstək olmuş, köməkliyini əsirgəməmişdir. Ən müqəddəs amalı birlik və azərbaycançılıq olan həmyerlimiz, görkəmli ictimai xadim Tofiq Rzayev 70 yaşında vəfat etmişdir. Həmyerlimiz Kalininqradda müsəlman qəbristanlığında dəfn edilmişdir.
Tofiq Rzayevin xatirəsi doğma Azərbaycanımızda hər zaman hörmətlə yad edilir, unudulmur. Allah rəhmət eləsin!
Yeganə Mahmudbəyli
Biologiya elmləri doktoru
Məqaləyə dair fotomateriallar: